Tarix: 13.12.2012 | Saat: 19:56:00 | |
2013-cü il prezident seçkiləri ilə əlaqədar olaraq müxalifət düşərgəsində vahid namizədlə bağlı müzakirələr qızışmaqdadır. Müzakirələrdə xüsusi fəallıq göstərən Müsavat Partiyasının təmsilçiləri İsa Qəmbərin namizədliyi üzərində israrla dayanırlar. Maraqlıdır ki, İsa Qəmbər özü də istənilən halda namizədliyini verəcəyini bildirib. İctimai Palatanın sonuncu iclasında İsa Qəmbər «Müsavatın bu qərarı qətidir, dəyişdirilməsi müzakirə mövzusu ola bilməz» kimi açıqlaması təkcə AXCP daxilində deyil, hətta İctimai Palatının digər partiyalardan olan üzvləri arasında da qıcıq yaradıb. İsa Qəmbərin prezidentliyə namizəd postunda yalnız özünü görməsi və bu istiqamətdəki təklifləri, müzakirələri top-tüfənglə qarşılaması sezilir. Bəzi məlumatlara görə, İsa Qəmbəri inadından döndərə, vahid namizədin müəyyənləşməsi üçün «praymeriz»ə razılığını ala bilməyən AXCP sədri İctimai Palatadan gedəcəyinə işarə edib. Mətbuatda gedən məlumatlara görə, AXCP-nin Müsavat Partiyası ilə yolları ayrılacaq və birinci Rəsul Quliyevlə ittifaqa gedəcək. Amma İctimai Palata daxilində AXCP sədrini dəstəkləyənlər də var.
AXP sədri Pənah Hüseynov isə gələn seçkilərdə ya İsa Qəmbəri, ya da onun müdfiə edəcəyi namizədi dəstəkləyəcəyini bildirib.
KXCP-nin nəzdində yaradılmış "Demokratik Birlik" fraksiyasının həmtəsisçisi Fikrət Cəfərli Teleqraf.com-a açıqlamasında bildirdi ki, müxalifət düşərgəsində vahid namizədin müəyyənləşdirilməsi təqdim olunduğu kimi heç də çətin deyil: «Əvvəla, demokratik düşərgənin lokomativ təşkilatı da, lideri də bəllidir. Bunu müəyyənləşdirmək üçün Amerika kəşf etməyə ehtiyac yoxdur. 2003-cü ildə müəyyən şansları olan namizəd bu gün üçün siyasi baxımdan favorit olmaya bilər və buna görə də bundan faciə düzəltməyə dəyməz. Necə deyərlər, hər aşığın öz dövranı var. Indi isə nə onun dövranıdı, nə də onun aşığının. Amma müxalifətin 2013-cü il prezident seçkiləri üçün real namizədi var.
Fikrət Cəfərli "KXCP sədri Mirmahmud Mirəlioğlunu nəzərdə tutursuz" sulana cavab olaraq «prezidentliyə real namizədlər sırasında Mirmahmud Mirəlioğlunun adı yoxdur", - deyə qeyd etdi.
F.Cəfərlinin fikrincə, bütün parametrlər üzrə bu gün prezidentliyə ən real namizəd AXCP sədri Əli Kərimlidir: "O, ötən müddət ərzində prinsipiallığı, ardıcıl, sağlam siyasi xəttilə daha çox diqqəti cəlb edib. Əli Kərimliyə olan təyziqlər kimə olsaydı, bəlkə də o, çoxdan siyasətdən uzaqlaşmışdı. Bəziləri seçkilərə "vahid namizəd ya mən olmalıyam, ya da hakimiyyətdə YAP qalmalıdır" prizmasından yanaşır. Bu, düzgün yanaşma deyil və o, düşüncə sahiblərinə arada bir ətraflarına baxmağa tövsiyə edirəm".
2013-cü il seçkilərində kimi dəstəkləyəcəyinə gəlincə, Fikrət Cəfərli sualımıza Pənah Hüseynli sayaq cavab verdi: "2013-cü il prezident seçkilərində Əli Kəyimlini, yaxud da Əli Kərimilinin dəstəkləyəcəyi namizədi dəstəkləyəcəm və çalışacağam ki, bu istiqamətdə təsir edə biləcəyim qurumların da dəstəyini alım".
Lakin F.Cəfərlinin bu mövqeyi təmsil olunduğu fraksiyanın mövqeyi deyil: "Bu mövqe fraksiyanın yaradıcılarından olan Fikrət Cəfərlinin mövqeyidir. KXCP rəhbəyliyində də AXCP-yə qarşı münasibət dəyişməlidir. Bəzi dostlar 10-15 il bundan öncəki siyasi və psixoloji stiuasiyadan çıxa bilməyiblər. Düşüncənin, yanaşmanın sağlamlaşması, dəyişməsi lazımdır. Köhnəlmiş, intiriqalar üzərində kiflənmiş düşüncə ilə onlar heç nəyə nail ola bilməyəcəklər.".
|