Social Icons

“Bu, həm demokratik düşərgəyə, həm də xalqa xəyanətdir“

Tarix: 29.11.2012 | Saat: 21:10:00 | 


Fikrət Cəfərov: "Müxalifət ziyalıların çağırışına münasibət bildirməlidir"



Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) daxilində yaradılmış "Demokratik Birlik" fraksiyasının həmtəsisçisi Fikrət Cəfərli Teleqraf.com-un suallarını cavablandirib.



- Bir neçə gün öncə Ziyalılar Forumu müraciətlə çıxış edib. Müraciətdə müxalifətin birləşməsinin vacibliyi önə çəkilir. Özünü real müxalifət sayan partiyaların birləşməsinə nə mane olur?


- Bəyanatda ziyalılar ölkədə və dünyada baş verən ictimai-siyasi proseslərə işıq salıblar. Problemləri aydın şəkildə göstərən ziyalılar hakimiyyətə və müxalifətə çağırış ediblər. Azərbaycanı katakalizmlərdən qorumaq üçün iqtidar islahatlara getməli, müxalifət isə birləşməlidir. Yaxşı olardı ki, özünü real müxalifət sayan qüvvələr ziyalıların çağırışına münasibət bildirsinlər və birləşmək üçün real addımlar atsınlar. Ümid edirəm ki, müxalifət ziyalıların çağırışını düzgün qiymətləndirib, Azərbaycanda demokratiyanın qurulması üçün birgə səylər göstərəcəklər.

Partiyaların təmərküzləşməsi vacibdir. Koorporativ maraqları kənara qoyub milli, dövlətçilik maraqları naminə birlik əldə olunmalıdır.Yoxsa, ölkəni fəlakətdən qurtarmaq mümkün olmayacaq. İqtidar qədər müxalifət də məsuliyyət daşımış olacaq. İqtidarın mövqeyi aydındır. Amma müxalifət bu reallığı düzgün qiymətləndirib, konkret addım atmalıdır. Zaman Azərbaycanın əleyhinə işləyir. Ölkədə demokratiya sahəsində problemlər, demokratiya imitasiyası var. Bunun qarşısını almaq, insanlarımızın azad cəmiyyətdə yaşamaq hüququnu bərpa etmək üçün tezliklə qərar verilməli və cəmiyyətə ilk mesaj çatdırılmalıdır.


- Məlum hadisələrdən sonra KXCP-nin real müxalifətlə birləşmək həvəsi varmı?


- KXCP-nin demokratik proseslərdən kənarda qalması müvəqqəti xarakter daşıyır. Partiya daxildə yaradılmış və cəbhəçilərin böyük əksəriyyətinin dəstəyini qazanmış "Demokratik Birlik" fraksiyası müxalifətin təmərküzləşməsi prosesində yaxından iştirak edir və bundan sonra da edəcək. Əgər partiyanın rəhbərliyində təmsil olunan müəyyən şəxslər, sədr kənarda qalacaqsa, birləşmə prosesini "Demokratik Birlik" fraksiyası özü aparacaq.


- KXCP sədrinin "Demokratik Birlik" fraksiyası ilə münasibətləri nə yerdədir?


- "Demokratik Birlik" fraksiyası partiya daxilində heç kəslə dostluq və ya düşmənçilik üzərində fəaliyyətini müəyyənləşdirmir. Məqsədimiz adımızdan da göründüyü kimi, KXCP-ni uzaqlaşdığı demokratik dəyərlərə yaxınlaşdırmaq, proseslərin mərkəzinə çəkmək və Rəsulzadə-Elçibəy ideologiyasına xidmət etməkdir. Partiyanın böyük hissəsini özündə birləşdirən fraksiyanın həm də mənəvi haqqı var ki, KXCP-ni doğru saydığı istiqamətə yönəltsin.


- İctimai Palatadan kənarda müxalifətin müxtəlif birlikləri yaranır. Hər bir partiyanın fərqli maraqları, məqsədləri, əməkdaşlıq etdiyi fərqli daxili və xarici qüvvələr mövcuddur. Belə olan halda müxalifətin daha geniş birliyinə nail olmaq nə dərəcədə mümkündür?


- Müxalifətin birliyi istiqamətində "Demokratik Birlik" fraksiyası əlindən nə gəlirsə, onu da edəcək. Əgər domokratik düşərgə vahid mövqedən çıxış edib hakimiyyəti demokratik seçki mühitinin yaradılmasına məcbur edə biləcəksə, o halda seçkilərdə iştirak etmək lazımdır. Seçkiqabağı demokratik mühit yaradılmasa, seçkilərdə iştirakla bağlı fərqli forma seçməli olacağıq. Fraksiya bu şərtlər dəyişəcəyi halda müxalifətin yaranacaq seçki bloku daxilində prezident seçkilərində iştirak edəcək.


- Seçkilərdə uğurun əsas faizini maliyyədən asılıdır. Amma müxalifətin maddi durumu o qədər də ürəkaçan deyil. Belə olan halda optimistliyini başadüşülməzdir…


- Sözsüz ki, seçkilərdə, siyasətdə maliyyə əhəmiyyətli rol oynayır. Eyni zamanda maliyyə yoxdu deyə, siyasi mübarizəni dayandırmaq, proseslərdən kənarda qalmaq da düzgün deyil. 2003-cü ildə də müxalifətin elə böyük maliyyəsi yox idi. Müxalifət çox böyük güc nümayiş etdirdi. Nəticələrin qorunub saxlana bilməməsi başqa söhbətin mövzusudur. Yüksək səviyyədə təbliğat-təşviqat kampaniyası aparmaq, xalqın inamını qazanmaq üçün yüksək məbləğdə pul yox, həvəs, iradə, fədakarlıq lazımdır.



- Müxalifətin flaqmanları hesab olunan AXCP və Müsavat Partiyası öz aralarında vahid namizəd məsələsində razılığa gələ bilmirsə, müxalifətin daha geniş birliyindən necə danışmaq olar?


- Şərt deyil ki, vahid namizəd AXCP və Müsavat Partiyasından olsun. Demokratik düşərgə bu iki partiyanın üzvü olmayan, xalqın qəbul etdiyi ziyalının, siyasətçinin də namizədliyini dəstəkləyə bilər. AXCP-çi dostlar da bildiriblər ki, müxalifətin vahid namizədi kənardan ola bilər. Mən də hesab edirəm ki, çıxış yolu kimi Ziyalılar Forumunun aparıcı simalarından olan Rafiq Əliyevin vahid namizədliyini qəbul etmək olar. Rafiq Əliyevin adını birləşdirici fiqur kimi çəkirik. Düşünürük ki, o, həm də müxalifətin daxili problemlərinin həllində bizə yardımçı ola bilər və o cümlədən Azərbaycanın elm xadimlərinin müxalifətlə birlikdə olmasında mühüm rol oynayar.


- AXCP və Müsavat Partiyasının təmsil olunduğu İctimai Palata yalnız bu iki partiyanın qərarlarını dəstəkləməklə məşğuldur. Eyni zamanda bu partiyalar digər siyasi təşkilatlara yuxarıdan aşağı baxırlar. Bu halda həmin partiyalarla eyni blokda olmaq mümkündürmü?


- Əlbəttə ki, mövcud birliklərin, partiyaların daxilində müəyyən problemlər, mübahisələr var. Biz bu problemlərdən çəkinib kənarda qalmamalıyıq. Daxili mübarizələrin, rəqabətin olması normal haldır. Hesab edirəm ki, bu dartışmalar seçki mühitinin formalaşmasında müxalifətin vahid mövqeyə gəlməsinə nəinki mane olacaq, əksinə təmərküzləşmə prosesinin daha da sürətlənməsinə gətirib çıxardacaq.


- Hakim partiya ilə müxalifətin güc nisbətini müqayisə etməyə ehtiyac yoxdur. Bütün resurslara malik olan bir qüvvə ilə üzə-üzə gəlmək məğlubiyyət vəd etmirmi?


- Ona görə də, biz istəyirik ki, demokrtik düşərgə güclü olsun. Seçki prosesinə təsir edə, onu nəzarətdə saxlaya bilsin. Hakimiyyətin seçkilərdə əldə etdiyi nəticələri legitimləşdirmək üçün seçkilərə qatılmaq həm demokratik düşərgəyə, həm də xalqa xəyanətdən başqa bir şey deyil.


- Müxalifətdən kənarda prezidentliyə namizəd olmağa layiq neçə nəfərin adını çəkə bilərsiz?


- Nəinki kənarda, hətta müxalifətin daxilində də prezidentliyə namizəd olmağa layiq olan onlarla insan var. Onlar nəinki namizəd, hətta prezident olmağa da layiqdilər.


- Onların arasında partiyanızın sədri Mirmahmud Mirəlioğlunun adı var?


- Təəssüflər olsun ki, adını çəkdiyiniz şəxsi real namizədlər sırasında görə bilmirəm.


- Niyə?


- Niyəsini məndən yox, onun özündən soruşsanız yaxşı olar. Söhbət prezident seçkilərindən gedir...


- "Demokratik Birlik" fraksiyasının üzvlərinin əksəriyyəti partiyadan xaric edilib. Hazırda harada fəaliyyət göstərirsiz?


- Fraksiya KXCP-nin daxilində yaranıb və partiya daxilində fəaliyyətini davam etdirir. Partiya üzvlərinin böyük əksəriyyəti fraksiyanın yürütdüyü siyasəti müdafiə edir. Fraksiyanın da məqsədi odur ki, partiyanın siyasi kursunu demokratik düşərgə ilə birgə demokratik cəmiyyətin qurulması uğrunda mübarizəyə dəyişsin. Biz möhür davası yox, Rəsulzadə-Elçibəy siyasi irsinin daşıyıcısılarının səmimiyyətindən sui-istifadə edib öz məqsədləri üçün istifadə edənlərə qarşıyıq.