Social Icons

“Seçki ictimai-siyasi fikri iki yerə parçalayıb“

Tarix: 05.12.2012 | Saat: 21:28:00 | E-mail | Çapa göndər

"2013-cü il prezident seçkilərində iştirak məsələsi demək olar ki, ictimai-siyasi fikri iki yerə parçalayıb. Birinci tezis vətəndaş mövqeyini və demokratik düşərgənin maraqlarını ehtiva etsə də, digər tezis korporativ maraqları, şəxsi və qrup mənafelərini özündə əks etdirir".

Bu fikirləri Teleqraf.com-a açıqlamasında "Demokratik Birlik" Fraksiyasının həmtəsisçisi Fikrət Cəfərli bildirib. Onun sözlərinə görə, ilk tezisin müdafiəçiləri ümumi mənafelərdən çıxış edərək, haqlı olaraq demokratik seçki mühiti formalaşmadan seçkidə iştirakı prespektsiz hesab edir: "İkinci tezisin müdafiəçilərində isə nə olursa-olsun, seçkidə iştirak etmək, namizəd olmaq istəyi özünü biruzə verir. Belə başa düşmək olar ki, bu istək heç də ümumi maraqlardan irəli gəlmir, sanki müəyyən götürülmüş bir öhdəliyin icrası mükəlləfiyyətindən irəli gəlir. Hesab edirəm ki, ikinci tezis elə tezis olaraq qalmalıdır və ictimai rəyi mənfi istiqamətə yönləndirməməlidir. Cəmiyyət nəzərə almalıdır ki, nəyin bahasına olursa-olsun, nə olursa-olsun, namizəd olmaq tezisi üzərində dayanan və son 15 ildə bu fikri səsləndirən təfəkkür sahibi və ya sahibləri hansı illərdə hansı avantüralarla çıxış ediblər və siyasi proseslərİ hansı istiqamətə yönəldiblər. Məhz belə təfəkkür sahibləri demokratik düşərgənin zaman-zaman həlledici məqamlarda və ən çox qələbə şansının olduğu dövrlərdə məğlubiyyətinə bais olublar. Onun üçün də biz demokratik düşüncə sahibləri kimi birinci tezisə və onu səsləndirənlərə,onun müəllifinə açıq dəstək verməkdən çəkinməməliyik".

F.Cəfərlinin sözlərinə görə, bu vaxta qədər müxalifət seçki tamaşasında bilərəkdən və ya bilməyərkdən öz rolunu oynayıb,bu imtiasiyada iştirak edib: "Lakin bundan sonra müxalifət tam yeni bir taktika ortaya qoymalı və hakimiyyətin hər hansısa pərdəarxası ssenarisində "Yalıncıq" rolunun ifası üçün cılız hisslərə qapanmamalı, ən azından azad və demokratik cəmiyyət uğrunda mübarizədə daxili gücün parçalanmasından çəkinməlidir. Əks təqdirdə bu vaxta qədər müxatəlif söz oyunları, müxtəlif qeyri-ciddi fikirlərlə "Nə olursa-olsun, mən seçkidə iştirak edəcəm, etməliyəm" kimi fikirlərlə müşayiət olunan mövqedə dayananlar ya nə istədiyini açıq şəkildə ifadə etməlidir, ya da bizlər onun gerçək istək və arzularını açıb cəmiyyətə çatdırmalıyıq".

Teleqraf.com