Tarix: 03.12.2012 | Saat: 18:41:00 | | ||
Fikrət Cəfərli: "Bəziləri başının “razmer”inə uyğun olmayan ifadələr işlədir"
Bəybala Əbil: “Bu, KXCP-yə dəxli olmayan məsələdir”
KXCP-də fəaliyyət göstərən “Demokratik Birlik” fraksiyasının öz tədbirlərini KXCP-də deyil, Müsavat Partiyasının qərargahında keçirməsi diqqətdən yayınmır. Bəs, bunun səbəbi nədir?
Öncə qeyd edək ki, hələ yeni yarananda fraksiya təbdirlərini Müsavatın qərargahında keçirəcəyini açıqlamışdı. O zaman KXCP sədri Mirmahmud Mirəlioğlu Müsavata xəbərdarlıq xarakterli ismarış göndərmişdi. M. Mirəlioğlu bildirmişdi ki, Müsavat fraksiyaya toplantı keçirməyə şərait yaratsa, iki partiya arasında ciddi problemlər yaşanacaq.
Oktyabrda KXCP funksionerləri arasında yaşanan gərginlik bi qədər səngisə də, problem hələ də qalmaqdadır. Fraksiya təmsilçisi Fikrət Cəfərli Teleqraf.com-a açıqlamasında bildirib ki, fraksiya KXCP-nin daxilində yaranıb və onun daxilində də fəaliyyət göstərəcək: “Fraksiyanın tədbirlərinə gəlincə, partiyada bəzi şəxslər onu təsis edənlərin ünvanına etikadan kənar, öz başlarının “razmer”inə uyğun olmayan ifadələr işlədirlər. Ancaq fraksiya KXCP-nin daxilində gərginliyin yaranmasında maraqlı deyil. Həm də fraksiyanın tədbirlərində kütləvilik müşahidə olunur. KXCP-də isə belə geniş tədbirləri keçirmək üçün şərait yoxdur”.
KXCP-nin Ali Məclisinin sədri Bəybala Əbil isə bildirdi ki, fraksiyada partiyanın üzvü olan və olmayanlar var: “KXCP öz işində-gücündədir, tədbir və yığıncaq keçirir. Kimsə haradasa nəsə edirsə, nə üçün onların sözünə cavab verməliyəm?
Fraksiya məsələsi oktyabrın 7-də KXCP-nin gündəliyindən çıxıb. Ali Məclis olub, orada adlandırdığınız fraksiya məsələsi geniş müzakirə olunub və həllini tapıb. Sessiyadan sonra bu məsələyə nöqtə qoyulub. O vaxta qədər hər şey deyilə bilərdi. Ancaq indi bu, KXCP-yə dəxli olmayan məsələdir. Ali orqanda dediyiniz adamların iştirakı ilə məsələ həllini tapıb. Kimsə gəlib və ya gəlməyib, məsələ həllini yaxşı tapıb, pis tapıb, kim necə qəbul edir, öz işdir. Bu məsələ KXCP-də qapanıb. Təşkilatın qərarları var, üzvlər qəbul etdiyi qərarlara hörmət etməlidir”.
B.Əbil Müsavat Partiyası ilə münasibətlərin normal olduğunu da söyləyib: “Aparıcı partiyalardan biridir. Partiyalarla münasibətlərimiz qaydasındadır. Elə bir partiya yoxdur ki, bizim onunla ziddiyyətimiz olsun”.
Fraksiyaçılarla KXCP arasında münasibətlərin hazırkı vəziyyəti ilə bağlı isə B. Əbilı bunları bildirib: “Fraksiya təmsilçilərindən Fikrət Cəfərlini təxminən 1 həftə əvvəl gördüm, görüşdüm, yaxşı mənada ona sataşdım, zarafat etdim. Partiyanın tədbiri keçirilir, kimsə gəlir, kimsə iştirak etmir. Ali Məclisin sessiyasına da həmin adamlar gəlir, ya da gəlmirlər. Hərənin özünə aid işləri var”.
Teleqraf.com | ||
Xəbər 275 dəfə oxundu |