Social Icons

Qurban Məmmədov QHT rəhbəri oldu

4/12/2012 [00:28]

Avropa.info xəbər verir ki,dünən Vətəndaş Hərəkatı Forumunun təsisçilərinin iclası keçirilmişdir.Fikrət Cəfərlinin moderatorluğu və Nail Bağırzadənin katibliyi ilə keçirilən iclasın gündəliyi ictimai-siyasi vəziyyətin müzakirəsi və yeni dönəmdə forumun missiyası,eləcə də təşkilati məsələlərin həlli və cari məsələlərə baxılmasından ibarət olmuşdur.İctimai-siyasi vəziyyət barədə geniş məruzə edən Qurban Məmmədov qarşıdan gələn 2013-cü il prezident seçkiləri ərəfəsində ölkədə baş verən hadisələr,demokratik qüvvələrin vəziyyəti,birlik və təmərküzləşmə perspektivləri,proseslərdə VHF-nin perspektiv yeri və rolu barədə danışmışdır.Azərbaycanda mövcud ictimai-siyasi vəziyyət barədə qənaətlərini və fikirlərini bölüşən təcrübəli hərəkatçı Miralim Bəhrəmov qeyd etmişdir ki, qarşıdan gələn 2013-cü ilin seçki ili olduğuna görə Forum fəaliyyətini gücləndirməli və strukturlaşmalıdır.Təşkilati məsələlər barədə məruzə edən Qaya Əliyev forumun bu vaxta qədər demokratik qüvvələrin birliyi istiqamətində mediatorluq funksiyasını icra etdiyini,həmin missiyanın yeni dönəmdə davam etdirilməsi üçün qurumun hüquqi statusunun müəyyən edilməsinin,üzvlər arasında funksional iş bölgüsünün aparılmasının vacibliyini qeyd etmiş və Forum iştirakçılarına hazırladığı əsasnamə layihəsini müzakirə üçün təqdim etmişdir.Əsasnamə iclas iştirakçıları tərəfindən müzakirə olunduqdan sonra yekdilliklə qəbul edilmişdir. Cari məsələlər barədə məruzə edən Fikrət Cəfərli qəbul olunan əsasnamənin tələblərindən irəli gələn rəhbər orqanların tərkbinin formalaşdırılmasının zəruriliyini vurğulamış və təsisçilərə foruma sədrlik seçkisinin keçirilməsini təklif etmişdir.Təsisçilərin gizli səsverməsi əsasında səs çoxluğu ilə Qurban Məmmədov Forumun sədri seçilmişdir.Təsisçi üzvlərin təqdimatı əsasında Miralim Bəhrəmov və Nail Bağırzadə forum sədrinin müavinləri təyin olunmuşlar. Sonda yığıncaq iştirakçılarının qərarı ilə qarşıdan gələn 2013-cü il prezident seçkiləri ilə əlaqədər ölkədə demokratik seçki mühitinin yaradılması,azad,demokratik,şəffaf və beynəlxalq standartlara uyğun seçkilərin keçirilməsinə imkan verən qanunvercilik bazasının formalaşdırılması,Seçki Komissiyalarının demokratik əsaslarla yenidən təşkili,seçki prosesinin əsasını təşkil edən sərbəst toplaşmaq və ifadə azadlığının təmin olunması istiqamətində təkliflər paketinin hazırlanması işi Forumun sədrinə həvalə edilmişdir.