Social Icons

31 İYUL MİTİNQİNƏ GÖRƏ 10 NƏFƏR HƏBS CƏZASI ALDI

02.08.2010 [9:53]
Siyasət

31 İYUL MİTİNQİNƏ GÖRƏ 10 NƏFƏR HƏBS CƏZASI ALDI

İsa Qəmbər: “Hakimiyyət hər zamankından daha artıq narahatlıq göstərir”
Mirmahmud Mirəlioğlu: “Aksiyanın nəticələri hakimiyyəti elə əndişələndirib ki...”

Fuad Qəhrəmanlı: “AXCP və Müsavat hakimiyyətin qadağaları ilə hesablaşmaq fikrində deyil”
İki gün öncə müxalifət paytaxtda ilk birgə mitinqini keçirdi. Aksiya zamanı mitinq iştirakçıları polis zorakılığına məruz qaldı, yüzdən artıq şəxs saxlanıldı. Mitinqə qatılan partiyalardan aldığımız xəbərə görə, aksiyada iştirak etdiklərinə görə polis tərəfindən saxlanılan18 nəfərin işi məhkəməyə göndərilib.
Səbayel Rayon Məhkəməsinin qərarı ilə Rüfət Hacıbəyli, Bayram Bayramov, Məcid Mərcanlı, İnqilab Kərimov, Ağaşirin Tanrıverdioğlu, Vasif Alışov, Fikrət Cəfərov 10,  Əflatun Əhmədzadə 8, Vüqar Qədirov və Məhəmməd Məcidli barəsində 7 sutkalıq həbs qərarı verilib.  Elməddin Şükürov, Əbülfəz Qurbanlı, Dəyanət Babayev, Səfər Cavadov  və Zaur Ağayev 25 manat, Elmar Mürsəlli və Xalid Qarayev 20 manat məbləğində cərimələniblər. Məhkəməyə çıxarılan şəxslərin14-ü AXCP, 3-ü Müsavat, 1-i KXCP üzvüdür.  “Demokrat” qəzetinin əməkdaşı Nurməmməd Xanlarova xəbərdarlıq edilərək buraxılıb. Dünən  mitinqin yekunlarına dair müxalifət liderlərinin mövqeyini öyrəndik.
İsa QəmbərMüsavat başqanı İsa Qəmbər müxalifətin birgə mitinqini yüksək qiymətləndirdiyini söylədi: “Çünki ilk dəfədir ki, Müsavat Partiyası, AXCP, KXCP və Demokratiya Uğrunda İttifaqa daxil olan partiyalar birgə mitinq keçirdilər. Bu mitinqdə müstəqil insanlar da iştirak edirdilər. Kifayət qədər təsirli aksiya oldu. Demokratik qüvvələr şəhərin mərkəzində bir daha öz siyasi iradələrini və mövqelərini ifadə etdilər, azad seçki, sərbəst toplaşmaq azadlığının, söz azadlığının bərpasını tələb etdilər,  rejimə  və korrupsiyaya qarşı şüarlar səsləndirdilər”. İnternetdən dünya mətbuatını izlədiyini bildirən Müsavat başqanı bildirdi ki, xarici mətbuatda Bakıda ciddi etiraz aksiyasının keçirildiyi və  kifayət qədər əks-səda doğurduğu qeyd olunub: “Hakimiyyətin hər zamankından daha artıq narahatlıq göstərməsi də göz qabağındadır. Aksiya zamanı mülki geyimlilər fəallaşmışdılar. Həddən artıq saxlanılanlar oldu. Hər zamankından daha çox məhkəmə cəzaları verildi. Növbəti qanunsuzluq həyata keçirildi. Heç bir əsas olmadan 10, 8, 7 sutka həbs cəzası alanlar oldu. Son zamanlar hakimiyyətin ”icad etdiyi" qeyri-qanuni aksiya həyata keçirildi. Mən son zamanlar etiraz edən aksiya iştirakçılarının Qobustana aparılmasını nəzərdə tuturam. Bir daha qeyd edirəm ki, mitinqin qarşısının alınması və  etirazçıların saxlanması, inzibati cəzaların verilməsi  hakimiyyət tərəfindən qanuna zidd hərəkətlərdir. Amma mitinqçilərin tutularaq onların şəhərdən kənara aparılması girovgötürmə hadisəsidir. Bu, qanunda nəzərdə tutulmayan cəza növüdür. Hesab edirəm ki, biz də bu məsələnin üzərinə daha ciddi şəkildə getməliyik. Hakimiyyət də bu yanlışlığın nəticəsini hiss etməli və görməlidir". Müxalifət partiyalarının rayonlara birgə səfər planlarının olub-olunmadığına gəlincə, Müsavat başqanı dedi ki, hazırda DUİ ilə məsləhətləşmələri davam etdirirlər: “AXCP ilə də məsləhətlərimiz başlayıb. Seçkidə birgə iştirakın variantlarını axtarırıq. Dairələrdə namizədlərimizi razılaşdırmağa çalışırıq. Bu məsələlər həll olunsa, digər  məsələlər də öz həllini  tapacaq”.
Mirmahmud MirəlioğluKXCP sədri Mirmahmud Mirəlioğlu dedi ki,  iyunun 31-də normal aksiya keçib: “Aksiyanın nəticələri hakimiyyəti çox əndişələndirib ki, etirazçıları eramızdan əvvəlki dövrə ”səyahətə" göndərməyə məcbur qalıb. Qobustanı nəzərdə tuturam. Bu, o deməkdir ki. onların özləri hələ daş dövründədirlər.  Daş dövründə olan insanların cəmiyyətə baxışlarını dəyişdirib XXI əsrə gətirmək lazımdır".
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı müxalifətin aksiyasının uğurlu keçdiyi qənaətindədir.  Onun fikrincə, birgə mitinq qərarı cəmiyyətdə müsbət qarşılanıb: “Birləşmiş müxalifət bu aksiya vasitəsilə Azərbaycanda seçkiqabağı mühitin və sərbəst toplaşma azadlığının olmadığı məsələsini gündəmə gətirdi. Hakimiyyət mitinq müraciətlərinə rədd cavabı verirdi.  Müxalifət birgə iradə ortaya qoyaraq hakimiyyətin bu cür qadağalarını əhəmiyyətsizləşdirməyə nail oldu. AXCP və Müsavat  hakimiyyətin qadağaları ilə hesablaşmaq fikrində deyil”.
Fuad QəhrəmanlıF.Qəhrəmanlı seçkiqabağı siyasi mübarizənin davam etdiriləcəyini bildirdi: “Mitinqin isti, əlverişsiz yay günlərində keçirilməsi onu göstərdi ki, ən çətin və aqressiv şəraitdə müxalifət siyasi əzmini göstərmək gücündədir. Son on ilin yayında Bakıda belə aktiv mübarizənin olduğunu xatırlamıram. Müxalifət ciddi psixoloji üstünlüyə malik olduğunu göstərdi. Polisin müqavimətinə baxmayaraq, aksiya iştirakçılarının israrlı şəkildə prosesi davam etdirməsi müxalifətin bazasının kifayət qədər mübariz əhval-ruhiyyədə olduğunu nümayiş etdirdi”. Aksiyanın şəhərin mərkəzində insanların daha çox olduğu yerlərdə keçirilməsi müxalifətin diqqətini fəal mübarizə taktikasına yönəltdi".
F.Qəhrəmanlı bildirdi ki, hazırda seçki blokunun yaradılması barədə müzakirələr gedir: “Çalışırıq ki, Müsavat və KXCP arasında inteqrasiya proseslərini dərinləşdirək. Bu baxımdan Əli Kərimli AXCP ilə Müsavat Partiyasının Divanının və Rəyasət Heyətinin birgə toplantılarının keçirilməsi təklifini verib. Birgə fəaliyyətin planlaşdırılması istiqamətində ciddi nəticələr əldə etmişik. Xeyli sayda seçki dairələrində birgə razılaşmalarımız var. Seçki kampaniyası zamanı rayonlarda tədbirlərimiz də birgə keçiriləcək. Biz seçkiyə blok halında qatılmaqda israrlıyıq”. F.Qəhrəmanlı qeyd  etdi ki, blok elan olunandan sonra partiyaların ölkə boyu fəaliyyəti ciddi koordinasiya olunacaq və bütün spektr nəzərə alınacaq.