21 İyun 2010 - 12:03Oxunma sayı: 644
Fikrət Cəfərov,
İnsan Hüquqları və Qanunların Təbliği İctimai Birliyinin sədri,
Vətəndaş Cəmiyyətinə Dəstək Komissiyasının Şura üzvü
Hər bir ölkənin nə dərəcə demokratik olması ilk növbədə orada keçirilən seçkilərin nəticələri ilə müəyyən olunur. Hansı ölkələrdə ki, seçkilər azad, ədalətli və şəffaf keçirilir, orada demokratiyanın, xalq hakimiyyətinin
Hər bir ölkənin nə dərəcə demokratik olması ilk növbədə orada keçirilən seçkilərin nəticələri ilə müəyyən olunur. Hansı ölkələrdə ki, seçkilər azad, ədalətli və şəffaf keçirilir, orada demokratiyanın, xalq hakimiyyətinin
təmin olunduğu fikri birmənalı şəkildə qəbul olunur. Belə ölkələr demokratik cəhətdən inkişaf etmiş ölkələr sırasına aid edilir. Təəssüf ki, Azərbaycan bu ölkələr sırasında dayanmır. Çünki ölkədə keçirilən demək olar ki, əksər seçkilər saxtalaşdırılıb. Bu da şübhəsiz ki, Azərbaycanda azad vətəndaş cəmiyyətinin formalaşması, demokratik institutların oturuşması ilə yanaşı, ölkəmizin sivil dünyaya inteqrasiyasını da ləngidir. Bu baxımdan payızda keçiriləcək parlament seçkiləri Azərbaycanın avtoritarizdən qurtulması üçün növbəti şansdır. Amma gəlin, görək, bu şans hakimiyyət tərəfindən nə dərəcədə dəyərləndirilir? Ölkədə seçkiqabağı əhval-ruhiyyə, demokratik rəqabət mühiti varmı? Seçicilər seçki prosesində nə dərəcədə maraqlı və aktivdirlər?
Çox təəssüflər olsun ki, bu suallara müsbət cavab vermək mümkün deyil. Hakimiyyət nəinki normal seçkiqabağı atmosferin yaranmasında maraqlı deyil, əksinə ciddi-cəhdlə çalışır ki, cəmiyyətdə aktivlik yaranmasın, seçki prosesi sönük keçsin. Çünki bu hakimiyyətin öz məqsədinə nail olmasını asanlaşdırır. Digər təəssüf doğruan məqam isə odur ki, cəmiyyət də seçki prosesinə olduqca biganədir. Bu da təsadufi deyil. Çünki bir tərəfdən, indiyə qədər keçirilən seçkilərin saxtalaşdırılması cəmiyyətin seçkiyə inamını qırıb. Seçicilər arasında "onsuz da bizim səsimiz heç nəyi həll etmir" düşüncəsi populyardır. Digər tərəfdən, ölkədə yaranmış ağır sosial-iqtisadi vəziyyət də bu məsələyə öz mənfi təsirini göstərib. Azərbaycan seçicisi bütün gününü bir tikə çörək pulu qazanmağa sərf edir, onun siyasətlə maraqlanmağa vaxtı qalmır.
Belə bir şəraitdə payızda keçiriləcək seçkilərin demokratikliyini təmin etmək, seçkinin saxtalaşdırılmasına yol verməmək kimi ağır məsuliyyət siyasi partiyalar və vətəndaş cəmiyyəti institutlarının üzərinə düşür. Hazırda siyasi partiyalar daha çox sərbəst toplaşmaq azadlığının təmin olunması, seçki qanunvericiliyinə dəyişikliklər edilməsi, seçkiöncəsi təşkilatlanmaq, namizədlərini müəyyən etmək istiqamətində çalışırlar. İndiki mərhələdə vətəndaş cəmiyyəti institutlarının üzərinə düşən vəzifəsi isə təbii ki, fərqlidir. Və biz də bu yazıda elə bu barədə bəhs edəcəyik.
Vətəndaş cəmiyyəti institutları Azərbaycanda demokratik və ədalətli seçkilərin keçirilməsi bir çox işlər görməlidirlər. Bəs, nədən başlamaq lazımdır?
İlk növbədə seçki öncəsi vətəndaş cəmiyyəti institutlarının təmərküzləşməsinə, seçki ilə bağlı vahid strategiyanın işlənib hazırlanmasına ciddi ehtiyac var. Fikrimizcə, demokratik seçkilərdə maraqlı olan bütün qeyri-hökumət təşkilatları vahid məxrəcə gəlməli, geniş koalisiyada birləşməlidirlər. Artıq bunun təməlinin qoyulduğunu da demək olar. Daha dəqiqi, Vətəndaş Cəmiyyətinə Dəstək Koalisiyası vətəndaş cəmiyyəti institutlarının seçki plastdarmı rolunu oynaya bilər. Hazırda burada 55 təşkilat təmsil olunur. Amma bu sayı daha da artırmaq lazımdır və mümkündür.
Növbəti mərhələdə vətəndaş cəmiyyəti institutlarının üzərinə düşən əsas vəzifə seçki maarifçiliyi ilə bağlıdır. Söhbət heç də yalnız seçicilərə öz hüquqlarını izah etməkdən getmir. İş burasındadır ki, ölkədə yaradılan siyasi mühit cəmiyyətin seçkiöncəsi informasiya qıtlığı ilə üzləşməsinə səbəb olub. Hakimiyyətin qeyri-rəsmi senzurası seçkilərin medianın fəaliyyətində ön planda olmasının qarşısını alıb. Seçicilər seçki prosesi ilə bağlı yetərincə məlumat ala bilmirlər. Hakimiyyətin güclü təbliğat imkanlarına malik olması ona siyasi gündəmi istədiyi kimi formalaşdırmağa imkan verir. Əhali seçki deyil, daha çox digər siyasi proseslərlə bağlı bilgiləndirilir. Başqa sözlə, hakimiyyətin hazırkı informasiya siyasəti seçki məsələsinin maksimum diqqətdən kənarda saxlanmasına yönəlib. Ona görə də ilk növbədə məhz bu informasiya blokadası aradan qaldırılmalı, seçki ilə bağlı informasiya axını gücləndirilməlidir. Vətəndaş cəmiyyəti institutları xüsusən də bölgələrdə müxtəlif vasitələrdən istifadə etməklə buna nail olmalıdırlar. Eyni zamanda bilavasitə seçki prosesi ilə bağlı maarifləndirmə işləri aparılmalı, seçicilərə öz hüquqları ətraflı şəkildə izah olunmalıdır.
Sirr deyil ki, seçicilər xüsusən də, əyalətlərdə demokratiya, seçki məsələsindən söz düşəndə ehtiyatlanırlar. Sanki bu mövzu qadağan edilib. Aparılacaq maarifləndirmə işi zamanı bu məqama da kifayət qədər diqqət yetirilməlidir.
Əlbəttə, vətəndaş cəmiyyəti institutlarının bu istiqamətdə uğurlu fəaliyyət qurmasını təmin edəcək əsas faktorlardan biri maliyyə məsələsidir. Bu məsələnin həll yollarının tapılması həmin qurumların təmərküzləşməsindən sonra o qədər də çətin olmayacaq. Sadəcə, beynəlxalq təşkilatlarla ciddi iş aparmaq, onları vahid koalisiyanın məqsədləri barədə məlumatlandırmaq və buna inandırmaq gərəkdir. Eləcə də vətəndaş cəmiyyətinə dəstək olmalı olan beynəlxalq təşkilatlar da imitasiya etməməli, demokratik təsisatların oturuşması üçün yaranan ictimai birlikləri, koalisiyaları dəstəkləməlidir. Bu mərhələnin keçdikdən sonra digər mərhələlər başlayır.
Sonrakı mərhələdə ən əsas vəzifə seçkiöncəsi, eləcə də seçki zamanı obyektiv müşahidəçiliyin təşkili məsələsidir ki, vətəndaş cəmiyyəti qurumları bu istiqamətdə də ciddi addımlar atmalıdırlar. Bizdə adətən, müşahidəçilik məsələsi yalnız seçkiyə bir neçə həftə qalmış yada düşür. Və vətəndaş cəmiyyəti institutları əsasən, seçki günü müşahidəçiliklə məşğul olurlar. Amma bu müşahidə prosesi indidən başlanmalı, öncə seçkiqabağı şərait müşahidə olunmalıdır.
Seçki müşahidəçiliyi şəffaf seçki prosesinin əsaslarından biridir. Ona görə də beynəlxalq müşahidəçilər kimi, yerli müşahidəçilər də istənilən ölkənin seçki prosesində vacib rol oynayırlar. Digər tərəfdən, unutmaq lazım deyil ki, güclü müşahidəçiliyin təmin edilməsi seçicilərdə prosesə qarşı inam yaradır. Demokratiyanın oturuşmadığı ölkələrdə keçirilən seçkilərdə insanlara seçki prosesinin və orada hər bir seçicinin iştirakının vacibliyinin izah edilməsində müşahidəçilərin böyük rolu var. Seçici apatiyası və ümidsizliyi aradan qaldırmaq məsələsində isə seçkiqabağı müşahidəçilik mühüm rol oynaya bilər. Ona görə də vətəndaş cəmiyyəti institutları seçkiqabağı müşahidəçilik və monitorinqlə bağlı çeşidli fəaliyyət növləri haqqında fikirləşməlidir. Seçkiqabağı mühitin müşahidəsi zamanı xüsusi diqqət yetiriləcək məsələlər isə seçki sisteminin nəzəri və praktik baxımdan qiymətləndirilməsi, qanunvericiliyin təkmilləşməsi üçün müdafiəçilik işi aparılması və s-dir.
Bu məqsədə nail olmaq üçün vətəndaş cəmiyyəti institutları seçici maarifləndirilməsi kampaniyaları, namizədlər üçün qeydiyyat proqramları, seçiciləri seçkiyə cəlb etmək üçün tədbirlər həyata keçirə bilərlər.
Onu da qeyd edək ki, seçkiqabağı müşahidəçiliyin təmin edilməsi seçki günü qorxunu azalda bilər. Seçki günü effektli müşahidənin təşkili isə rəsmi nəticələri yoxlamaq üçün qərəzsiz mənbə yaratmış olar.
Burada daha vacib bir məsələ müşahidəçilərin toxunulmazlığına nail olmaq və əlaqədar qurumlarla bu məsələnin birdəfəlik həllinin tapılmasıdır. Müşahidəçilərin müdafiəsinin təşkili və müşahidəçilərin hüquqlarının qorunması təmin edilməlidir. Necə ki, jurnalistlərin toxunulmazlıq hüququ tanınır. Eləcə də müşahidəçilərin seçki başa çatdıqdan sonra nəticələri əldə etmək hüququ zamanı onların toxunulmazlığı qorunmalı və müşahidəçilər hər hansı zorakılıqla üzləşməməlidirlər.
Vətəndaş cəmiyyəti institutlarının seçki prosesinə daha bir töhfəsi isə "exit-poll"a bağlı ola bilər. Seçkinin şəffaf və ədalətli keçirilməsi, eləcə də nəticələrin qiymətləndirilməsi üçün bu kampaniyanın nə qədər önəmli olduğunu yəqin ki, izah etməyə ehtiyac yoxdur. "Exit-poll" eyni zamanda saxtakarlıq hallarının aradan qaldırılmasında mühüm rol oynayır. Qeyd edək ki, əksər seçicilər öz hüquqları barədə az məlumatlı olduqları kimi, "exit poll" barədə də geniş bilgiyə malik deyillər. "Exit-poll" bir növ seçki günü seçicilərin məntəqədə verdikləri səsin təkrar sayılmasıdır. Başqa cür desək, "exit-poll" vasitəsilə seçicilərin səsləri yoxlanılır. Səslərin hesablanmasının rəsmi nəticələri "exit poll"un nəticələri ilə üst-üstə düşmədikdə, ondan kəskin fərqləndikdə rəsmi hesablanmanın saxta olduğu üzə çıxır. Ona görə də vətəndaş cəmiyyəti institutları qarşıdakı seçkilərdə "exit-poll"un təşkilində də xüsusi önəm verməlidirlər. Bəllidir ki, indiyə kimi keçirilən seçkilərdə bir sıra QHT-lər və ya koalisiyalar "exit-poll"ar keçiriblər. Amma həmin "exit-poll"un nəticəsi barədə heç vaxt mirmənalı fikir olmayıb. Yaxud seçkidə iştirak edən qüvvələrin bir qismi onun obyektivliyini qəbul etsələr də, digər qismi həmin nəticələri qətiyyən yaxın buraxmayıblar. Bunu nəzərə alaraq, qarşıdkı seçkidə "exit-poll"u bir-iki təşkilatın monopoliyasından çıxarmaq lazımdır. Onu da qeyd edək ki, hakimiyyət bu dəfə də "exit-poll"un həmin təşkilatların monopoliyasında qalmasında maraqlı olacaq. Çünki o cür "exit-poll" qeyri-demokratik seçkiyə domekratik don geyindirmək üçün bir vasitəyə çevrilir. Ona görə də bu ilki seçkidə Vətəndaş Cəmiyyətinə Dəstək Koalisiyasının "exit-poll"u məsələsini üzərinə götürməsi çox zəruridir. 55 təşkilatın (seçkiyə qədər bu say daha da artacaq) birləşdiyi bir koalisiyanın "exit-poll" keçirməsi daha obyektiv, seçkilərdə iştirak edəcək bütün tərəfləri qane edəcək nəticələr ortaya qoya bilər. Çünki burada həm iqtidaryönlü, həm müxalifət düşərgəsinə yaxın, həm də tam tərəfsiz təşkilatlar var.
Sonda bir məqamı da vurğulamaq istərdik. Vətəndaş cəmiyyəti təmsilçiləri parlamentdə kifayət qədər mandat əldə etmək istəyirsə, bunun ən optimal yolu səylərin birləşdirilməsidir.
Sonda bir məqamı da vurğulamaq istərdik. Vətəndaş cəmiyyəti təmsilçiləri parlamentdə kifayət qədər mandat əldə etmək istəyirsə, bunun ən optimal yolu səylərin birləşdirilməsidir.