Social Icons

"Qeydiyyatsız"larin üsyanı...


 Fikrət Cəfərov: “Nazirlik doğrudan da ayrı-seçkiliyə yol verməyibsə, onda qoy qeydiyyata aldığı QHT-lərin siyahısını açiqlasın”
Qeydiyyatından İmtina Olunan QHT-lərin Əlaqələndirmə Şəbəkəsi Ədliyyə Nazirliyini QHT-ləri dövlət qeydiyyatına almamaqda günahlandırdığı və etiraz aksiyalarına hazırlaşdığı bir vaxtda nazirlik ilin birinci yarısında görulən işlərlə bağlı məlumat açıqlayıb. Məlum olub ki, Ədliyyə Nazirliyi bu ilin ilk altı ayı ərzində 87 QHT-ni dövlət qeydiyyatına alıb.

Qeydiyyatından İmtina Olunan QHT-lərin Əlaqələndirmə Şəbəkəsinin işçi qrupunun üzvu Fikrət Cəfərov isə bu məsələdə şübhəli məqamların olduğunu iddia edir.  Onun sözlərinə görə, Qeydiyyatından İmtina Olunan QHT-lərin Əlaqələndirmə Şəbəkəsində 37 qeydiyyata alınmayan QHT təmsil olunur. Ümumilikdə isə qeydiyyata alınmayan QHT-lərin sayı minə yaxındır: “Qeydiyyat məsələsini gündəmə gətirdikdən sonra xeyli QHT bizim şəbəkəyə müraciət etdi. Onların arasında ciddi fəaliyyəti ilə seçilən, üçüncu sektorda xeyli tanınan, lakin on illərdir qeydiyyata alınmayan QHT-lər də var. Hətta həmin QHT-lərdən biri qeydiyyata alınmaq ücün Ədliyyə Nazirliyinə 40 dəfə müraciət edib. Nazirlik isə hər dəfə müxtəlif bəhanələr gətirərək həmin QHT-ni qeydiyyata almaqdan imtina edib.  Biz üc aydan çoxdur ki, qeydiyyat məsələsi ilə bağlı mübarizə aparırıq. Dəfələrlə aidiyyatı dövlət qurumlarına, beynəlxalq təşkilatlara müraciət etmişik. Amma hələlik bu istiqamətdə hec bir dəyişiklik yoxdur. Bu baximdan bu günlərdə Ədliyyə Nazirliyinin ilin ilk altı ayı ərində 87 QHT-ni qeydiyyata aldığını açıqlaması xeyli maraqlı faktdır. Təəssüf ki, qeydiyyata alınanların hansı QHT-lər olduğu açıqlanmir. Elə bu da bir çox sualların yaranmasına səbəb olur. Qeydiyyata alınanlar arasında tanınmış QHT-lər varmı? Onlar gerçəkdən fəaliyyət göstərirlər, yoxsa kağız üzərində mövcuddurlar? Ədliyyə Nazirliyinin qeydiyyata aldığı QHT-lər arasında nədən ciddi fəaliyyəti ilə seçilən, beynəlxalq miqyasda tanınan, lakin on illərdir qeydiyyatı olmayan QHT-lərdən heç biri yoxdur?  və s.”
F.Cəfərovun fikrincə, bütün bunlar Ədliyyə Nazirliyinin QHT-lərin qeydiyyatı məsələsinə qeyri-obyektiv, qərəzli yanaşmasının nəticəsidir.
O,  məsələ ilə bağlı araşdırma aparacaqlarını, ilin birinci yarısında hansı QHT-lərin dövlət qeydiyyatına alınması barədə nazirliyə sorğu ünvanlayacaqlarını da bildirdi: “Nazirlik doğrudan da ayrı-seçkiliyə yol verməyibsə, onda qoy qeydiyyata aldığı QHT-lərin siyahısını açiqlasın. Yox, əgər siyahı açiqlanmayacaqsa, o zaman nazirliyin QHT-ləri “yuxarı”dan gələn sifarişlər əsasında qeydiyyata aldığı bir daha təsdiqini tapacaq”.