Fikrət Cəfərli: “Az qalırlar ki, Qaya Əliyevi assınlar”
Mirmahmud Mirəlioğlunun müavini Qaya Əliyevin KXCP və AXCP-nin birləşməsi təşəbbüsü ilə çıxış etməsi KXCP daxilində ciddi gərginlik yaradıb. Onun bu təklifi KXCP sədrinin bəzi müavinləri tərəfindən, eləcə də AXCP funksionerləri tərəfindən dəstəklənib. Partiyanın sədri Mirmahmud Mirəlioğlu isə məsələ ilə bağlı mövqe bildirməkdən imtina edib və Qaya Əliyevin onun müavini olmadığını bəyan edib. Bundan sonra narazılıqlar daha da artıb. “Gündəlik Teleqraf”ın əldə etdiyi məlumata görə, KXCP daxilində gərginliyin artması “islahat” tərəfdarlarının yeni fraksiya yaratması ilə nəticələnib. Belə ki, fraksiya yaradan sədr müavinləri partiyanı mövcud böhrandan çıxarmaq, KXCP-nin mövqeyindəki qeyri-müəyyənliyi aradan qaldırmaq, siyasi proseslərdə fəallığı artırmaq niyyətindədirlər. Partiya daxilində yaranan vəziyyətlə bağlı KXCP-nin sədr müavini Fikrət Cəfərov “Gündəlik Teleqraf”ın suallarını cavablandırıb.
- Əldə etdiyimiz məlumata görə, KXCP daxilində fraksiya yaratmaq niyyətindəsiniz. Niyə bu addımı atmaq qərarına gəldiniz?
- Yaranmış situasiyaya uyğun zəruri addımlar atmaq lazım olur. Əgər situasiya zəruri addımlar, fraksiyanın yaranması və digər tədbirlərin keçirilməsini zəruri edəcəksə, addımlar atılacaq.
- Nədən KXCP-dəki vəziyyət böhran həddinə çatdı? Partiyada nə baş verir?
- Böhran təkcə KXCP-də yox, ümummüxalifət düşərgəsində baş verir. KXCP müxalif düşərgənin əsas bazalarından biridir. KXCP-də nə baş verirsə, müxalifətdə də həmin şey baş verir. Kimlərsə partiyalarında yaranmış böhranı hansısa birliklər hesabına ört-basdır etmək istəyirsə, biz KXCP rəhbərliyi olaraq o ört-basdıra getmirik. Problemlərdən çıxış yolunu yeni problem yaratmaqla həll etmək olmaz. Problemlərin üstünə getməliyik. Müxalifətin fəaliyyətinin nəticəsizliyini gördüyümüz üçün etiraz səsimizi qaldırırıq. Süni şeylərlə böhranı basdırmaq heç vaxt müxalifəti qələbəyə aparıb çıxarmayacaq. Ona görə də hesab edirik ki, artıq bizim etiraz səsimizə digər demokratik qüvvələrin təmsilçiləri cavab verməlidir. Ümumi və vahid çətir altında birləşməliyik. Ondan sonra buyursunlar, kim nə istəyir etsin. Liderlər vahid çətir altında birləşsin. Seçkiyə qədər yaranan istənilən birliklər seçkidən sonra dağılır, partiya funksionerləri bir-birinin ünvanına ittihamlar səsləndirirlər. Seçkilərdən sonra öpüşüb-görüşürlər, dostlaşırlar. Amma xalq bizə bu formada dəstək vermir. Çünki nə qədər bir-birimizi söyüb barışmalıyıq? Nə qədər müxalifətdaxili gərginlik içində olmalı, birliklər qurub parçalanmalıyıq? Yetər artıq! Həmişə məğlub ola-ola getməməliyik. Demokratik düşərgə nə vaxtacan məğlub olacaq?
- Bəs KXCP-Müsavat-AXCP-nin birləşməsi barədə təklifinizə qarşı tərəfdən qeyri-rəsmi olsa da, dəstək gəlibmi?
- KXCP və onun sağlam düşüncəli üzvləri həmişə koorporativ maraqların yox, ümummilli marağın tərəfində olub və gələcəyə apara bilən təkliflərlə çıxış ediblər. Bu, aksiomadır, hər kəs bilir. Qaya Əliyevin təklifinə bizim partiya daxilində belə reaksiyanı anlamadım. Burada nə var ki? Bunu İsa Qəmbər də irəli sürüb, AXCP-nin qurultayında da səslənib, Mirmahmud Mirəlioğlunun bununla bağlı bəyanatları var. Qaya Əliyev də deyir ki, ay böyüklər, ağsaqqallar, dostlar, gəlin, oturun, artıq oyun qurtarıb, umu-küsü, koorporativ maraqlar hesabına gedən oyunlardan camaat bezib. Vahid təşkilatda birləşin, güc qoyun ortalığa. Cəmiyyət müxalifətdən birlik, vahid çətir gözləyir. Beynəlxalq aləm də çaş-baş qalıb. Kimlə işləyəcək, əməkdaşlıq edəcəklər? Bu sualların cavabı vahid çətir altında birləşməkdədir.
- Sizcə, partiya sədrləri öz ambisiyalarını kənara qoyacaqmı?
- Burada artıq görünəcək ki, hansı partiya sədri doğrudan da, hakimiyyət uğrunda mübarizə aparır, hansı partiya sədri xırda maraqlar üçün oyunlar qurur.
- Sizin partiyaya az-az gəldiyiniz deyilir. Nə vaxtdır KXCP-yə getmirsiniz?
- Mən bilmirəm kim belə dəyərləndirir? Kiminsə, eləcə də partiya sədrinin tez-tez gəlib-getməsi əlahiddə məsələ deyil. Bu, xırda məsələlərdir. Daxili dedi-qoduya getmək lazım deyil.
-Bəs, partiyada Qaya Əliyevin sədr müavini kimi adının KXCP-nin rəsmi saytından çıxarılması barədə müzakirə aparıldımı?
- Qaya Əliyev mənim üçün bu gün də KXCP-də sədr müavinidir.
-Bu barədə Xəzər Teyyublu və ya Bəybala Əbillə söhbətiniz olubmu?
-Hər deyilən fikrə cavab verməyə məhkum deyiləm. Sağlam fikir və düşüncə qoya bilən adamlarla həmişə müakirəyə hazıram.
- Niyə KXCP-də bu qədər qarşıdurma fonunda Mirmahmud Mirəlioğlu məzuniyyətə indi getməyi üstün tutdu?
- KXCP-də proseslər indi başlayıb. Kimin nə deməyindən asılı olmayaraq, KXCP ümummüxalifət düşərgəsinin əsas bazasıdır. Biz də o təməli yerli-yerində etmək istəyirik. KXCP-də baş verənləri KXCP-nin problemləri kimi dəyərləndirmək düzgün deyil. Bu, ümummüxalifətin problemidir. Bəzi adamlar KXCP-ni görməzliyə vururdu, amma nəticələr nə deyir? KXCP-siz heç nə mümkün deyil. Biz də deyirik ki, bu səbəbdən KXCP mərkəzdə olmalıdır. Ümumi müxalifətin generatoru olmalıdır. Kimin istəyib-istəməməsindən asılı olmayaraq nüvə KXCP-dir. Gedən partiyalar buradan gedib. Kim bu fikirləri müdafiə etməyəcəksə, onlar boğulacaqlar. Mən istəyərdim ki, onlar boğulmasınlar.
- Amma Müsavatla AXCP sizin söylədiyinz fikirlə razı deyillər...
- Biz Müsavatla AXCP-yə çağırış edirik ki, daxili intriqadan qaçmaq lazımdır. Artıq Müsavatla AXCP və ya Müsavat-KXCP əməkdaşlığı qələbəyə gətirib çıxarmır. Ortalığa qələbəyə gətirib çıxaran bir şey qoymaq istəyirik. Başqa nə istəyirik ki?
- Qarşı tərəf hesab edir ki, birlik istəyirsinizsə, İctimai Palatada birləşməlisiniz...
- İctimai Palata bu gün müxalifətin tərəzisinin ağır gözüdür. Amma qələbəyə aparan yol deyil. KXCP və digər partiyalar bir çətir altında birləşməlidir.
- Təcrübə göstərdi ki, səmimiyyət olmadığı üçün bu birliklər davamlı olmur...
- Bayaq da qeyd etdim ki, seçkiyə qədər birliklər, seçkidən sonra söyüş, bir-birinə təhqirlər, sonra öpüşüb-görüşmələr 20 ildir davam edib. Qaya Əliyev də bunu deyir. Qaya Əliyevin üstünə ifrat dərəcədə gedilməsi anlaşılmazdır. Qaya Əliyev İsa Qəmbərin, Əli Kərimli və Mirmahmud Mirəlioğlunun dediyi sözü təkrarlayıb, yeniləyib. Buna görə adamı güllələyərlər? Az qalırlar ki, Qaya Əliyevi assınlar. Sədr müavininin adı gizlicə partiyanın rəsmi saytından çıxarıldı. Belə yanaşma olmaz. Bu təfəkkürlə hara gedə bilərik?
- Bəs, sədrin özünə etirazınız oldumu?
- Mən Mirmahmud Mirəlioğlunu çox istəyirəm, ona böyük hörmətim var. Əgər belə şeyləri nəzərə alsaydı, bu məsələdə Ədalət Yusibovun, Rüfət Sahiboğlunun, Fikrət Cəfərovun, Rafiq Abdullalının etirazından sonra dayanardı. Görünür ki, nə dayanmaq, nə də kiminsə sözlərini eşitmək fikri var.
|
Xəbər 204 dəfə oxundu |
“İctimai Palata qələbəyə aparan yol deyil”
Tarix: 13.09.2012 | Saat: 12:56:00 | E-mail | Çapa göndər