Social Icons

Məqsəd 2013-cü il seçkiləridir


ÇƏRŞƏNBƏ, 22 AUGUST 2012 08:20
Siyasilər və ictimai xadimlər prokurorluğun açdığı cinayət işini hakimiyyətin növbəti seçki şousu sayır
Hafiz Hacıyevin mərhum prezident Əbülfəz Elçibəyin zəhərlənməsi iddiasına ictimai-siyasi xadimlər, ziyalıların sərt reaksiyası davam etməkdədir. Bu gün də diqqətinizə cəmiyyətdə tanınmış şəxslərin münasibətini təqdim edirik. Müsahiblərimiz hesab edir ki, hakimiyyət bununla 2013-cü il prezident seçkilərinə start verib:
Əli Kərimlinin nüfuzu daha da qalxacaq
VAMBP sədri Hacıbaba Əzimov bildirdi ki, Elçibəyin zəhərlənməsi iddiası və bunu prokurorluğun ciddiyə alması absurddur və daha çox siyasi məqsədlərə xidmət edir:
- Birincisi Hafiz Hacıyevin belə bir iddia ilə çıxış etməyə ixtiyarı yoxdur. Ikincisi Hafiz Hacıyevin qeyri-ciddi adam olduğunu hamı çox gözəl bilir. Əgər prokurorluq bu cür absurd iddiaları qəbul edirsə, bəs vaxtı ilə mənim və bir neçə başqa ziyalımızın Polad Bülbülolğu barədə iddiasını niyə qəbul etmədi. O zaman Ermənistan və Qarabağdan səfərdən qayıdan Polad Bülbüloğlu Qarabağın ermənilərə verilməsinin təbliğatını aparırdı. Hafiz Hacıyevin əliylə bu təbliğat bilərəkdən aparılır. Qarşıdakı hədəf Əli Kərimlidir. Əli Kərimliyə qarşı bu cür kampaniyanın aparılması təsadüfi deyil. 19-cu əsrin sonu 20-ci əsrin əvvəlində Almaniyanın məhşur sosial demokratı Avqust Babeldən soruşmuşdular ki, nəyə görə siz həmişə hədəfə alınırsınız. O, bildirmişdi ki, deməli mən fəaliyyət göstərirəm, mücadilə aparıram ki, mənim barəmdə danışırlar. Əli Kərimli də son illər hakimiyyətə qarşı mübarizədə ardıcıl, prinsipial iştirak edib. Hakimiyyətin siyasətinin ifşa edilməsində onun xüsusi rolu var. Əli Kərimlinin cəmiyyətdə, ziyalılar arasında nüfuzunun böyük olması üzündən o hədəfə çevrilib. Əslində bu cür addımları ilə hakimiyyət təmsilçiləri dövlət başçısına “ayı xidməti” göstərirlər. Əli Kərimlinin ona qarşı aparılan kampaniyadan əksinə hörməti daha da qalxır. Yaxşı olardı ki, Əli Kərimliyə və başqa ziyalılarımıza qarşı aparılan bu cür çirkin addımlar dayandırılaydı. Bu kampaniya ilə Əli Kərimliyə heç nə etmək olmaz. Çünki onun arxasında xalq və böyük demokratik düşərgə dayanıb.

Əli Kərimli Elçibəyin ən çox hörmət bəslədiyi silahdaşı olub
IP Koordinasiya Şurasının üzvü Köçəri Nağıbəyli də hesab edir ki, H.Hacıyevin iddiası müxalifətə qarşı yönələn növbəti iyrənc kampaniyadır:
- Elçibəyin ailəsi bu məsələdə iddiaçı olmadığı halda, əksinə buna qarşı çıxdığına görə müraciətin heç bir hüquqi əsası yoxdur. Bununla iqtidar bir daha öz simasını göstərir. Bu hakimiyyətin növbəti təxribatıdır. Əli Kərimli Elçibəyin ən çox hörmət bəslədiyi silahdaşlarından biri olub. Hakimiyyət yenə də bəzi insanların əli ilə müxalifəti, AXCP sədri Əli Kərimlini hədəf seçir. Bu cür iddiada bulunmaq Elçibəyin ruhuna qarşı hörmətsizlik, alçaqlıqdır. Əgər Elçibəyin qatilini axtarmaq istəyirlərsə onu türk dünyasının liderinin yaxın ətrafında deyil, hakimiyyətdə axtarsınlar.

Hakimiyyət anlayır ki, ən ciddi maneə məhz Əli Kərimlidir
IP üzvü Mahal Ismayıloğlu da düşünür ki, əslində H.Hacıyev kimi bir şəxsin gözlənilmədən bu cür məsələ ilə gündəmə gəlməsi təsadüfi deyil və sırf seçkilərə hesablanmış addımdır:
- Qarşıdan seçki gəlir və hakimiyyət də bu seçkiyə özünə məxsus formada hazırlaşır. Əli Kərimlinin isə hədəf seçilməsi təəccüblü deyil. Əli Kərimli bu dəfə prezidenliyə namizəd olacaq. Çünki onun buna tam haqqı çatır. Bundan əvvəl o gənc siyasətçi kimi özündən böyüklərin yolunu kəsməyib. Hakimiyyət anlayır ki, onun üçün ən ciddi maneə məhz Əli Kərimlidir. Düşünürəm ki, bu cür absurd iddialar hələ seçkiyə qədər davam edəcək. Amma bütün bunların heç bir gələcəyi yoxdur, çünki olduqca gülüncdür.

Seçki öncəsi şou
Tanınmış hüquqşünas Ənnağı Hacıbəyli vurğuladı ki, Elçibəyin adının gözlənilmədən gündəmə gətirilməsi ounun təəssübkeşliyini çəkmək məqsədi yox, prezident seçkilərinə hazırlıq məqsədi daşıyır:
- Güman ki, bunu gələcəkdə prezdent seçkilərində iştirak edəcək şəxslərə qarşı başladılacaq kampaniyanın əvvəli də saymaq olar. Yaxın bir il ərzində çoxlu belə sərsəm iddiaların şahidi olacağıq. Hüquqi baxımdan bunun heç bir əsası yoxdur. Digər tərəfdən Elçibəyin ailə üzvləri də bu məsələyə etirazını bildiriblər. Düşünürəm ki, bu sadəcə olaraq bir seçki öncəsi şoudur.

Müxalifətə qarşı təxribat
ADP sədrinin müavini Həsrət Rüstəmov da bundan əvvəl münasibətini öyrəndiyimiz həmkarlarının fikirlərini təkrarladı. Onun da fikrincə, reallıqdan uzaq bu kampaniyaya ciddi reaksiya verməyə dəyməz:
- Başdan ayağa qondarma iddialardır. Öncə onu qeyd edim ki, Hafiz Hacıyev Əbülfəz Elçibəyi sevənlər sırasına daxil deyil. Bu növbəti dəfə müxalifətə qarşı yönələn təxribatdır. Demokratik düşərgəyə qarşı bu cür ittihamlar çox olub. Bununla iqtidar ictimaiyyətdə müxalifət barəsində qeyri-ciddi obraz yaratmağa çalışır. Amma bu addımın heç bir uğuru ola bilməz. Düşünmürəm ki, biz bu kampaniyanı ciddiyə almalıyıq. Sadəcə olaraq hakimiyyət seçki ərəfəsində müxalifət qarşısında ideoloji üstünlük əldə etməyə çalışır. Bununla hakimiyyət beynəlxalq mətbuatda barəsində korrupsiya, rüşvət və çirkli pullar ilə bağlı informasiyanı unutdurmağa çalışır. Amma hər bir halda əgər bu məsələ ciddiyyət qazanarsa, bütün müxalifət olaraq buna qarşı çıxmalıyıq.

Hüquqi prinsiplərdən uzaq müraciət
Irəli sürülən iddianın heç bir mənasının olmadığını deyən Ümid Partiyasının sədri İqbal Ağazadə bildirdi ki, eyni zamanda iddia irəli sürülərkən hüquq prinsipləri də pozulub:
- Hüquq-mühafizə orqanlarının müraciətdə ciddilik axtarması, öncə hüquqi prinsiplərə söykənməli idi. Bu müraciətin heç bir hüquqi əsaslandırması yoxdur. Əgər heç bir sübut yoxdursa və fakt olmadan prokurorluq cinayət işi qaldırırsa, bunu ciddi hadisə saymaq olmaz. Ona görə baş verəni ciddi olay yaradan hadisə saymaq olmaz. Kimsə baş qatmağa cəhd edə bilər. Düşünürəm ki, demokratik təfəkkürlü insanlar bu iddiaları ciddi qəbul etməyəcək.

Hakimiyyətin növbəti layihəsi
VIP sədri Əli Əliyev bildirdi ki, H.Hacıyevdən birinci dəfə deyil ki, bu cür böhtan mənalı fikirlərin yayılmasında istifadə olunur:
- Bu şəxsdən mütəmadi olaraq seçkilər ərəfəsində müxalifətə qarşı istifadə edirlər. Bu dəfə də onun ortalığa çıxması hakimiyyətin müəyyən planında iştirak etmək məqsədi daşıyır. Əli Kərimlinin bu məsələdə hədəf seçilməsi layihənin tərkib hissəsidir. Düşünürəm ki, bu kampaniyanı ciddiyə almağa dəyməz. Çünki onu yayan şəxs cəmiyyətə yaxşı məlumdur.

Növbəti prezident seçkisinə hesablanan addım
KXCP sədrinin müavini Fikrət Cəfərov irəli sürülən ittihamın qeyri-ciddi olmasına baxmayaraq, əsas məqsədin 2013-cü il seçkiləri ərəfəsində müxalifəti hədəfə çevirməkdir:
- Əlbətdəki bu qeyri-ciddi iddiadır və Əbülfəz bəyin ruhuna hörmətsizlikdir. Belə bir aksiyanı təşkil etməklə hakimiyyət cəmiyyətdəki proseslərin qızışmasının qarşısını almağa çalışır. Bu kampaniyada müxalifətə qarşı qurulub və növbəti prezident seçkilərinə hesablanıb. Amma indidən bu kampaniyanın iflasa uğradığını söyləmək olar.

Əli Kərimlini prinsipial mübarizədən çəkindirmək istəyirlər
Tanınmış şair Musa Yaqub da H.Hacıyevin iddialarının konkret hədəfələrə hesablandığını vurğuladı:
- Bu bir mənəvi təxribatdır. Belə bir iddia ilə çıxış etmək absurddur və anlaşılmır. Əli Kərimliyə qarşı hücumda yenə də başqasının əlindən istifadə olunur. Hafiz Hacıyevin əlində heç bir sübut və əsas yoxdur. Əli Kərimlini tutduğu yoldan döndərmək, prinsipial mübarizədən çəkindirməyə hesablanıb. Elə məhz bu üzdən o belə bir absurd böhtana tuş gəlir.

Əli Kərimli yenə hədəfdədir
Tanınmış şair Rüstəm Behrudi də Elçibəyin dünyasını dəyişməsi barədə söylənilən iftiranın reallıqla heç bir əlaqəsinin olmadığını söylədi:
- Biz Elçibəylə yaxın dost olmuşuq. Belə bir iddiada bulunmaq bəyin ruhuna hörmətsizlikdir. Elçibəylə söhbətlərimizdə o mənə xərçəng xəstəliyindən əziyyət çəkdiyini bildirmişdi. Əbülfəz Elçibəy elə bir adam idi ki, onu düşmənləri də sevirdi. Hafiz Hacıyevin iddiasına gəlincə, bu şəxsi bütün Azərbaycan tanıyır. Əli Kərimliyə qarşı bu şəxsin vasitəsilə şər atmağa, ona qarşı kampaniya aparmağa çalışırlar. Bu cür siyasətin yürüdlməsi isə heç kimə şərəf gətirmir.