Fikrət Cəfərov: “Artıq 15-dək rayon şöbəsi bizi dəstəkləyir”
“Artıq Klassik Xalq Cəbhəsi Partiyasının 15-dək rayon şöbəsi bizim fəaliyyətimizi dəstəkləyir. Məlum olduğu kimi, Salyan, Xətai, Kürdəmir rayon şöbələrinin məlum qərarı var. Rayon şöbələri bizi dəstəkləyir və bu, davam edəcək. Hesab edirəm ki, bizim fraksiya Klassik Xalq Cəbhəsi Partiyasının bütün rayon şöbələrini əhatə edəcək və dəstəklər gəlməkdə davam edəcək”. Bu açıqlamanı azvision-az-ın suallarını cavablandırarkən KXCP daxilindəki “Demokratik Birlik” fraksiyasının rəhbəri Fikrət Cəfərov verib.
Cəfərov hesab edir ki, fraksiyanı dəstəkləyən rayon təşkilatlarının sayının artması partiyada siyasi parçalanma təhlükəsi yaratmır. Onun sözlərinə görə, “Demokratik Birlik” fraksiyasının yaradılmasında əsas məqsəd partiyanın siyasi kursundakı səvləri aradan qaldırmaqdır: “Mirmahmud Mirəlioğlu partiyanın siyasi kursunu düzgün qurmadığına görə, partiyanın ətrafında dumanlı hadisələrin baş verdiyinə görə bu fraksiya yaranıb. Məqsədimiz KXCP-ni öz düşərgəsinə qaytarmaqdır. Biz istəyirik ki, öz müttəfiqlərimizlə, AXCP və Müsavatla birgə addımlayaq. Əgər partiyanın rəhbəri və kimlərsə bu kursa əməl etməyib Rəsulzadə-Elçibəy yolundan sapmaları normal qəbul edəcəksə, Elçibəyin bizə müəyyənləşdirdiyi siyasi müttəfiqlərlə birgə olmaq istəməyəcəksə, biz onlara öz yerini göstərib partiyanın adından danışmağa imkan verməyəcəyik”.
Fraksiya lideri KXCP rərbərliyini hakimiyyətlə gizli danışıqlar aparmaqda ittiham etdi: “Zamanı gələndə bu barədə ictimaiyyəti məlumatlandıracağıq. Ən azından partiyanın adından danışmaq səlahiyyəti olan adamlar bu oyunda iştirak edirlər”.