ÇƏRŞƏNBƏ, 03 OKTYABR 2012 14:24
“Partiya rəhbərliyinin bu qərara münasibəti mənim üçün əhəmiyyətli deyil”
KXCP sədrinin daha bir müavini istefa verib. Bu dəfə sədr müavinliyindən uzaqlaşmaq qərarını verən Fikrət Cəfərov olub. “Azadlıq”a açıqlamasında F.Cəfərov partiya üzvlüyündən çıxmadığını, yalnız sədr müavinliyi və Ali Məclis üzvlüyündən istefa verdiyini bildirib:
“Bəziləri deyirlər ki, təşkilatda hansısa statusun arxasında gizlənib fraksiya yaratmışıq və cəbhəçilərlə iş aparırıq. Mən də onlara sübut etmək istəyirəm ki, bəzilərindən fərqli olaraq statusumdan sui-istifadə etmirəm. Fərdi şəkildə KXCP-nin mövqelərindən sapanları bu yoldan yayındıracaq, partiyamızı müxalifətin əsas mərkəzinə çevirəcəyik”.
Qərara partiya rəhbərliyinin necə yanaşdığına gəlincə, F.Cəfərov bununla bağlı rəhbərliklə söhbətlərinin olmadığını bildirdi: “Partiya rəhbərliyinin bu qərarı necə qarşılayacağı mənim üçün əhəmiyyətli deyil. Mənim üçün KXCP-nin Əbülfəz Elçibəyin qoyduğu siyasi kursla getməsi və özünün siyasi müttəfiqləri ilə birgə olması maraqlıdır. Kimsə bu yoldan sapacaqsa, ayrı xətlə gedəcəksə, biz bunun qarşısını almağa çalışacağıq. Kimin nə deməyindən asılı olmayaraq partiyadan getmək fikrim yoxdur. Hələ görəcəyimiz işlər çoxdur”.