Fikrət Cəfərov: "Mirmahmud Mirəlioğlunun nə qədər Rəsulzadə-Elçibəy siyasi irsinə, demokratik düşərgəyə aidiyyəti varsa..."
"Qarşısına qoyduğu məqsəddən fraksiyanı heç kəs daşındıra bilməz"
Neçə müddətdir Klassik Xalq Cəbhəsi Partiyası daxilində ziddiyyətlər səngimək bilmir. Bir qrup partiya funksioneri KXCP sədri Mirmahmud Mirəlioğlunu mütəmadi olaraq tənqid edir. Üstəlik, narazı funksionerlər bununla kifayətlənməyərək sədrə qarşı fraksiya yaradıb. Belə görünür ki, bəzi partiyalar KXCP daxilində ziddiyyətlərin dərinləşməsində maraqlıdır. Ən azından, "Demokratik Birlik" fraksiyasında təmsil olunan bir sıra KXCP funksionerlərinin siyasi davranışı bunu deməyə əsas verir.
Oktyabrın 13-də Müsavat Partiyasının qərargahında "Demokratik Birlik" fraksiyasının konfransı keçirilib. Konfransda partiya sədrinin ünvanına kəskin ittihamlar səsləndirilməklə yanaşı, bu səpkidə bəyanat qəbul olunub. Bu arada sözügedən məsələ ilə bağlı mətbuata açıqlama verən KXCP sədri Mirmahmud Mirəlioğlunun sözlərinə görə, sözügedən iclasın partiya ilə heç bir bağlılığı yoxdur: "Bu iclasın Müsavatın qərargahında keçirilməsinə rəvac verənlər müxalifətin birləşməsini istəməyənlərdir. Bizim bu məsələ ilə bağlı adekvat cavabımız olacaq.
Toplantıda iştirak edənlərin KXCP-yə aidiyyəti yoxdur. Partiyanın öz qərargahı var. Onlar KXCP-yə aid olsaydılar, toplantılarını məhz bizim qərargahda keçirərdilər. Biz müxtəlif təşkilatlara, partiyalara həmin məkanda toplantı keçirməyə şərait yaradırıq. Hər kəs öz əkdiyini biçəcək". Bu arada məlum olub ki, oktyabrın 14-də KXCP Nərimanov rayon təşkilatı iclas keçirərək "Demokratik Birlik" fraksiyasının həmtəsisçisi Fikrət Cəfərovu partiyadan xaric edib.
Fraksiyasının genişləndirilmiş konfransının nəyə görə KXCP qərargahında deyil, Müsavat Partiyası qərargahında keçirilməsini Fikrət Cəfərov "Bakı-Xəbər"ə açıqlamasında belə cavablandırdı: "M.Mirəlioğlu deyir ki, onların partiyaya heç bir aidiyyəti yoxdur. Mən ona cavab olaraq demək istəyirəm ki, M.Mirəlioğlunun nə qədər Rəsulzadə-Elçibəy siyasi irsinə, demokratik düşərgəyə aidiyyəti varsa, bizim də bir o qədər partiyaya aidiyyətimiz var. M.Mirəlioğluna dost tövsiyəm ondan ibarətdir ki, danışanda reallıq hissini itirməsin, dostların münasibətini gözləsin. Elə etməlidir ki, kənardan onun fikirlərinə hörmətlə yanaşsınlar, ikrah hissi doğurmasın. Partiyadan xaric olunmağıma gəldikdə isə, bu haqda açıqlama vermişəm. Hesab edirəm ki, bu əhəmiyyətini itirmiş bir məsələdir. Yəni onların öz işidir. Qarşısına qoyduğu məqsəddən fraksiyanı heç kəs daşındıra bilməz. Fraksiya başladığı işi davam etdirəcək.
M.Mirəlioğlunun diqqətinə çatdırmaq istəyirəm ki, son qurultayda 196 qurultay nümayəndəsindən 70 nəfərdən çoxu artıq fraksiyanı müdafiə edib. Bundan nəticə çıxarsın. Artımlar davam etsə hansı cavabı verəcək? Gözlənir ki, fraksiyaya dəstək verənlərin sayı 100-ü keçəcək".