Social Icons

KXCP-dəki “Demokratik Birlik” fraksiyası geniş müşavirə keçirəcək

Tarix: 04.10.2012 | Saat: 12:53:00 | 

“Klassik Xalq Cəbhəsi Partiyasının daxilində fəaliyyət göstərən “Demokratik Birlik” fraksiyasının tərəfdarlarından ibarət geniş formatda müşavirə keçiriləcək”. Bu açıqlamanı APA-ya Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədrinin keçmiş müavini, “Demokratik Birlik” fraksiyasının həmtəsisçisi Fikrət Cəfərov deyib.

F.Cəfərov bildirib ki, müşavirəyə hazırlıq istiqamətində zəruri işlər aparılır və yaxın vaxtlarda toplantının keçiriləcəyi tarix müəyyənləşdiriləcək: “Müşavirədə partiyanın sıravi üzvləri ilə yanaşı, bizim qrupu dəstəkləyən ölkənin siyasi xadimləri də iştirak edəcək. Bu proses artıq başlayıb və qarşısını almaq mümkün deyil”.

F.Cəfərov yaranmış vəziyyətdən çıxış yolunun tapılması məqsədilə partiyanın növbədənkənar qurultayının çağırılmasına dair təkliflərin hələ gündəmdə olmadığını da söyləyib: “Ola bilər ki, partiyanın sədri Mirmahmud Mirəlioğlu vəziyyətdən çıxış yolu tapmaq üçün bir qədər düşündü və mövcud situasiyanı dəyərləndirdi. Bəlkə o, yeni bir şeylər təklif etdi. Əgər proses bu vəziyyətdə davam edəcəksə, əlbəttə ortaya bu və ya digər təkliflər meydana çıxa bilər”. 

Xəbər 56 dəfə oxundu