KXCP və AXCP funksionerləri partiyaların birləşməsi ideyasını mümkün sayırlar
4/9/2012 [11:55]
Ötən həftə Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədr müavini Qaya Əliyev KXCP və Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) birləşməsi barədə təklif irəli sürüb.
Hər iki tərəfdən bu təklifə reaksiyalar açıqlanmağa başlayıb. KXCP sədrinin digər müavini Rüfət Sahiboğlu Q.Əliyevin çağırışını dəstəkləyib və birliyin daha geniş formatını təklif edib. O, Elçibəy və Rəsulzadə ideya siyasi xəttini yürüdən və əsasən sosial bazası eyni olan Müsavat, AXCP və KXCP-nin birliyinin vacib olduğunu vurğulayıb.
İctimai Palatanın Korrdinasiya Şurasının üzvü, KXCP sədinin müavini Ədalət Yusibov da silahdaşlarının təklifini təqdir edib: “Qaya Əliyevin şəxsinə və savadına kifayət qədər böyük hörmətim var. Onun təklifinə gəlincə, nəinki KXCP və AXCP-nin, bütövlükdə Rəsulzadə-Elçibəy yolunda olan fərdlərin, siyasi qüvvələrin, partiyaların bir təşkilatda birləşməsi mənim arzumu ehtiva edir. Vahid təşkilatda birləşməkdən daha çox vahid platformada bir yerdə olmaq zərurətindən çıxış etmək olar. Eyni zamanda bir formatda olub, vahid təşkilatda birləşməyin perspektivini müzakirə etmək olar. Bu, gələcəyin işdir. Mən, bu birliyi mümkün hesab edirəm. Zamanın əhəmiyyət və darlığını nəzərə alıb bir formatda biləşməyi daha məqsədəuyğun hesab edirəm”.
Onun sözlərinə görə, Rəsulzadə-Elçibəy yolunda olan bütün partiyaların daha böyük birliyinin yaradılmasına ehtiyac var: “Təbii ki, oraya Müsavat, KXCP, AXCP daxildir. Mən bu məsələyə optimist yanaşmışam, bu gün də optimizmimi saxlayıram. Hesab edirəm ki, müxtəlif formatlarda dayansaq da, bir araya gəlməyin mümkündür. Hesab edirəm ki, bu ideya bir gün baş tutacaq”.
“Müsavat funksionerinin KXCP -nin İctimai Palatada təmsil olunan AXCP və Müsavatla iş birliyi üçün bu quruma üzv olması baxrədə təklifi əsas götürülə bilərmi sualına” cavabında Ə. Yusibov deyib: “Söhbət ümumiyyətlə formatdan gedir. Hər kəsin müəyyən fikri ola bilər. Mən özüm İctimai Palatanın Koordinasi Şurasının üzvüyəm, Rüfət Sahiboğlu da İctimai Palatanın üzvüdür. Mümkün variant və formatın hansı uyğundursa, daha asan başa gələni nədirsə onun üzərində dayanmaq daha yaxşı olardı”. (teleqraf.com)
KXCP sədrinin müavini Fikrət Cəfərov isə deyib ki, Qaya Əliyevin KXCP və AXCP-nin birləşməsi ilə bağlı etdiyi təklif nə köhnədir, nə də yeni. «Bu təklif Müsavat başqanı İsa Qəmbərin, AXCP sədri Əli Kərimlinin və KXCP sədri Mirmahmud Mirəlioğlunun ayrı-ayrı vaxtlarda rejimə qarşı mübarizənin effektli yolunun Xalq Hərəkatının yaranması ilə bağlı etdikləri təkliflərə bir cavab olaraq yenilənib.Bu təklifin reallaşması Xalq Hərəkatının yaranması və rejimin müxalifəti parçalayıb hökm sürmə siyasətinə bir gənc və prespektli siyasətçinin mövqeyidir. Hesab edirəm ki, müxalifətin son 15-20 illik keçdiyi yol Azərbaycan demokratik qüvvələrinin Xalq Hərəkatının yaranmasında açar rolunu oynaya biləcək bu üç qüvvənin birləşməsində maraqlı olmalıdırlar. Qalibiyyət ruhdan keçir. Bu birlik milli ruhun oyanmasında bir təkan ola bilər»-deyə Fikrət Cəfərov vurğulayıb.
Xatırladq ki, AXCP-dən sədr müavinləri Fuad Qəhrəmanlı, Nürəddin Məmmədli bu barədə mövqe açıqlayaraq birlik təşəbbüsünü müsbət dəyərləndiriblər.