Fikrət Cəfərov: “Son vaxtlar müxalifət düşərgəsində "mərdi qova-qova namərd etmək" prosesi gedir”
“Qafqazinfo” KXCP sədrinin müavini Fikrət Cəfərovun müsahibəsini təqdim edir:
- Ötən il bu vaxtlar cəmiyyətdə siyasi fəallığın artıdığı müşahidə olunurdu. Müxalifətin və gənclərin keçirdiyi aksiyalar xalqın da aktivləşməsinə səbəb olsa da, yay aylarından başlayaraq, bu proses səngidi. Bunun səbəbini necə izah edərdiniz?
- Dünyada baş verən proseslərin fonunda ötən il, xüsusən də mart-aprel aylarında Azərbaycanda doğrudan da ictimai-siyasi proseslərdə canlanma, xalqın siyasi proseslərdə aktiv iştirakı hiss olundu. Bu onu göstərirdi ki, xalq dünyada gedən proseslərə laqeyd deyil. Amma sonradan çox təəssüflər olsun ki, biz xalqa lazımi mesajları verə bilmədik. Bu gün problem nədədir? Bir sıra müxalifətçi dostlarımız ovlanmamış ayının dərisi üstündə mübarizə aparırlar. Özünə vurğuluq onlara proseslərə düzgün yanaşmağa imkan vermir. Bəzi liderlər mövcud olmayan prosesə hakim olmaq, olmayan qələbəni öz adlarına yazmaq istəyirlər. Bu da müxalifətdaxili tam inteqrasiyaya imkan vermir.
Biz təklif verdik ki, kütləvi aksiyaları birgə keçirək. Ümumi problemlərə birgə münasibət sərgiləmək lazımdır. Amma bu kimi təşəbbüslərə cavablar necə olur? Deyirlər, biz filan işi eləmişik, filankəs də bizə qoşulsun. Yaxud bir iş görürlər, bir qrup deyir, mənim adım olsun, digər qrup da deyir ki, bu mənim adımla bağlıdır. Bu yanaşmalar da təbii ki, xalqı ruhdan salır. Ona görə də böyük bir proses yarımçıq qalır. Müxalifətin son onillik fəaliyyətinə nəzər salsaq, bu tendensiya açıq-açığına görünür. Ona görə də dünyada baş verən dəyişikliklər prosesindən təcrid olunmamaq, xalqı Azərbaycanda baş verə biləcək bu proseslərə hazırlamaq üçün biz öz daxilimizdə bir çox məsələləri həll etməliyik. Bunun üçün də ovlanmamış ayının dərisi uğrunda mübarizəyə, hələ işartısı üfüqdə görünməyən "qələbə" ilə bağlı daxili intirqalara, diskussiyalara getməməliyik.
- Bəziləri belə fikirlər irəli sürürlər ki, Rusiyada avtoritarizmə son qoyulmasa, Azərbaycanda heç bir siyasi dəyişiklik olmayacaq. Siz necə düşünürsüz, ötən il olduğu kimi yenə də iqtidara qarşı mübarizə aktiv fazaya keçə bilərmi?
- Nəinki Rusiyada və İranda, ümumiyyətlə, bütün dünyada siyasi dəyişikliklər, demokratikləşmə prosesi gedir. Bu mütləq nəzərə alınmalıdır. Avtoritar rejimlər demokratik rejimlərlə əvəzlənir. İndi buna qarşı çıxanlar zamanı gəlincə, bu reallığı qəbul etməyə məcbur olacaqlar. Artıq qapalı cəmiyyətlərin fəaliyyət göstərməsi qeyri-mümkündür. Elm və texnikanın, internetin, sosial şəbəkələrin inkişaf etdiyi bir vaxtda qapalı cəmiyyətlərin yaşaması mümkün deyil. Bu rejimlərin dağılması prosesi baş verəcək. Bunu hər kəs anlamalıdır.
Bizim region dünyanın aparıcı dövlətlərinin maraqlarının kəsişdiyi bir regiondur. Böyük dövlətlərin burada ciddi maraqları, enerji təhlükəsizliyi və digər məsələlər var. Burada maraqlı olan qlobal güclər sabitlik olmasını istəyirlər. Amma bu o demək deyil ki, Azərbaycanda bu proseslər baş verməməlidir və verməyəcək. Artıq proses gedir. Bu prosesə beynəlxalq dəstək əsas amillərdəndir. Ancaq bir nömrəli məsələ xalq amilidir. Biz müxalifət olaraq xalq amili üzərində ciddi dayanmalıyıq. Ona görə də "Rusiyada inqilab olmasa, Azərbaycanda da heç nə olmayacaq" kimi fikirləri cəmiyyətimizə sırımamalıyıq. Bizi üçün önəmlisi millətimizin mövqeyi olmalıdır. Biz o həddə qədər məlumatlandırma, maarifləndirmə işi aparmalıyıq ki, millət qalxıb öz sözünü deyə bilsin. Xalq mübarizəyə qalxanda beynəlxalq güclər də Azərbaycanda demokratik proseslərə dəstək verəcək. Yox əgər "əvvəl Rusiyada dəyişiklik olmalıdır" kimi fikirlərlə, daxili intiriqa və ziddiyyətlərlə xalqı ruhdan salacağıqsa, təbi ki, burada heç bir proses baş verməyəcək, heç nə dəyişməyəcək. Biz müxalifətdaxili məsələləri tənzimlə, ondan sonra xalqı mübarizəyə hazırlamalıyıq.
- "Müxalifətdaxili məsələni tənzimləmək" deərkən nəyi nəzərdə tutursuz? Əgər söhbət birlikdən gedirsə, buna necə nail olmaq mümkündür?
- Mən qismən bu suala cavab verdim. Biz olmayan qələbədən, işartısı görünməyən məsələdən danışmamılıyıq. Biz Azərbaycanda demokratik cəmiyyətin yaranması məsələsinin üzərinə getməliyik. Mübarizə mühiti yarandıqdan sonra 5 yox, lap 10 nəfər seçkiyə getsin, bunun ziyanı yoxdur. Xalq kimi seçəcəksə, o da qalib olacaq. Biz xalqın münasibətini bilmədən, bu proses yetişmədən avtoritar rejimə qarşı mətbuat səhifəsində qəhrəmanlıq edəcəyiksə, heç kim qəhrəman olmayacaq. Xalqın münasibəti, səsverməsi o şəxsləri qalib, qəhrəman etməlidir. Ona görə də müxalifətdaxili bloklar birləşməli, birgə əməkdaşlıq etməlidir.
Son vaxtlar müxalifət düşərgəsində "mərdi qova-qova namərd etmək" prosesi gedir. Çoxları unudur ki, dünən ətrafında 10 nəfər vardısa, bu gün 8 nəfər qalıb, sabah 5 nəfər qalacaq. Bu, xətalı prosesdir. Əslində dünən 10 idiksə, bu gün 15 olmalıyıq. Ölçü vahidimiz rejimə qarşı münasibətlə bağlı olmalıdır. Amma biz şəxsimizə qarşı münasibətlərlə prosesi tənzimləmək istəyirik. Nəticə də həmişə iflas olur.
- Hətta bu günlərdə yenidən vahid namizəd məsləsi gündəmə gəlib...
- İdeya olaraq vahid namizəd ideyası yaxşıdır. Amma bu ideya bu gün real nəticəsi olacaq ideya deyil. Mən başa düşə bilmirəm ki, vahid namizəd deyəndə nəyi nəzərdə tuturlar? İki partiya arasından seçiləcək vahid namizəddənmi söhbət gedir? İki partiyanın razıdaşdırdığı namizəd necə vahid namizəd ola bilər? Müxalifət ancaq iki partiyadan ibarətdir? Söhbət rejimə qarşı olan bütün qüvvələrin vahid namizədindən gedir. Vahid namizəd ideyası o vaxt baş tuta bilər ki, o, Mirmahmud Mirəlioğlu, İsa Qəmbər, Əli Kərimli, Lalə Şövkət Hacıyeva, Etibar Məmədov, Rəsul Quliyev və digərləri arasından seçilsin. Yoxsa iki partiyanın razılığa gəlib bir şəxs üzərində dayanması ilə vahid namizədlik məsələsi həll olunmayacaq. Əslində məhz bu cür yanaşmalar indiyə qədər müxalifətin heç bir nəticəyə nail ola bilməməsinə səbəb olub. Prosesi yaradandan sonra vahid namizəd məsələsinə baxmaq olar. Biz bu gün müxalifətdaxili əməkdaşlığa gedə bilmirik, amma vahid namizəd məsələsindən danışırıq. Təbii ki, bu ideya özünü doğrultmayacaq.
- Təmsil etdiyiniz partiya Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatına qoşuldu. Amma bu addımdan sonra partiyanın fəaliyyətində bir zəifləmə müşahidə olunur. Bununla bağlı nə deyə bilərsiniz?
- Partiyamızın fəaliyyətinin zəiflədiyi barədə fikrinizi qəbul etmirəm. Partiyaların fəaliyyəti cəmiyyətdə gedən proseslərlə bağlıdır. Keçən ilin mart-aprel aylarında partiyaların fəaliyyəti necə idi? Kənardan aydın görünürdü ki, hansı partiyanın fəaliyyəti nə qədərdir. Həmin vaxt KXCP-nin fəaliyyəti açıq-aydın ortada idi, partiya fəaliyyətdə göstərir, mübarizə aparırdı. Eləcə də digər partiyalar. Amma bu gün siyasi proseslər nisbətən səngiyib deyə partiyaların fəaliyyəti bir o qədər nəzərə çarpmır. Əlbəttə, bu gün də partiyamız fəaliyyət göstərir. KXCP hazırda Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatının təşkilatlanma məsələləri ilə məşğuldur. Mart ayı bizim üçün çox gərgin olacaq. Müqavimət Hərəkatının təşkilatlanması məsələsində partiyanın fəaliyyəti kifayət qədər nəzərə çarpacaq.
- Amma bütün hallarda hazırda partiyaların fəaliyyəti iclaslardan uzağa getmir. Qəbul olunan qərarların real təsiri görünmür...
- Söhbət elə ondan gedir ki, hamı iclaslar, kabinetlər qəhrəmanına çevrilib. Ona görə də biz Müqavimət Hərəkatını yaratdıq ki, xalqla təmaslar artırılsın. Yerlərdə özəklər yaratmaq lazımdır. Ölkədə rüşvət, korrupsiya, ədalətsizlik baş alıb gedir. Vətəndaşların ümidlərini əlindən alırlar. Bunları açıq-aydın şəkildə əhaliyə çatdırmaq lzımdır. Dövlət məmurlarının vətəndaşların mülklərini əlindən alması prosesi gedirsə, bu, artıq sondur. Mülkiyyət hüququna toxunmaq çox təhlükəli məsələdir. Bunun sonrakı nəticələri çox ağır ola bilər.
- Əhalinin 90 faizi narazı olduğu halda müxalifətə ciddi dəstək verilmir. Bu nə ilə bağlıdır?
- Cəmiyyətdə müxalifətə qarşı bir inamsızlıq hökm sürür. Biz o inamı qaytarmalıyıq. Bunun üçün etiraf etməyi bacarmalıyıq. Xalqa etiraf olunmalıdır ki, müəyyən səhvlərimiz olub. Həm milli hakimiyyət dövründə, həm də ondan sonra belə səhvlər olub. Müxalifət daxilində o qədər intriqalar, parçalanmalar, mövqe dəyişmələri olub ki, xalqın inamı sarsılıb. Səhvimizi etiraf edib xalqın arasına getməliyik.
- "Xalqın arasına getməliyik" deyəndə konkret nəyi nəzərdə tutursunuz?
- Məsələn, bizim partiya rəhbərləri tədbirlərini təkcə Bakıda keçirməli deyillər. Bu gün Lənkəranda, Gəncədə, Şəkidə və digər bölgələrdə müşavirələr keçirilməlidir. Mən öz partiyamızdan danışıram, vaxitlə biz Ali Məclisin iclasını Gəncədə keçirirdik və yaxud Göyçayda. Bu cür tədbirləri bərpa etmək lazımdır. Orada təkcə partiya üzvlərini deyil, digər adamları da görüşlərə cəlb etmək lazımdır.
Bu gün Sabirabad və Saatlda əhalinin ciddi problemləri var. Bu faktdır. Fövqəladə Hallar Nazirliyi orada camaatı aldatmaqla məşğuldur. Bu rayonlarda əhaliyə vəd verir, yerinə yetirmirlər. Camaat evsiz-eşiksizdir, çöllərdə gecələyir. Əksəriyyətinin evləri uçub və ya qəza vəziyyətindədir. Fövqəladə Hallar Nazirliyinə bununla bağlı yüzlərlə müraciət daxil olur. Lakin bunların heç biri müsbət həllini tapmır. Fövqəladə Hallar Nazirliyi ona görə yaradılmayıb ki, camaata problem yaratsın. Nazirlik ona görə yarınb ki, insanların problemlərini həll etsin. Daşqın bölgəsində evi qəzalı olan insanlar mal tövlələrində yaşayır. Bakıda isə yalandan "qəzalı vəziyyətdədir" deyib camaatın evini başına uçurur, mülkiyyətini əlindən alırlar. Fövqəladə Hallar Nazirliyi qəzalı evləri Bakıda axtarmasın, qəzalı evlər Saatlıda, Sabirabaddadır. Bu gün Bakıda yüksək vəzifəli məmurlarla əlaqələri olan tikinti şirkətləri, iş adamları camaatın evini uçurmaq üçün FHN-dən arayış alırlar ki, bu ev qəzalı vəziyyətdədir. FHN camaatın evlərinin əlindən alınması, uçurulması üçün saxta rəylər verməməlidir ki, onlar məcbur olub ucuz qiymətə evini satıb, çıxsınlar. Nazirlik camaata dayaq durmalı, bölgələrdəki qəzalı evlərələ, insanların təhlükəsizliyi ilə bağlı işlər görməlidir.
- Yeri gəlmişkən, KXCP Sabirabad və Saatlıda baş verənlərlə bağlı hansı addımları atıb?
- Bizim partiyanın bu məsələlərlə bağlı kifayət qədər bəyanat və açıqlamaları olub. KXCP funksionerlərindən biri QHT sektorunda çalışır və daşqın bölgəsində ciddi işlər görür. Bu işləri hər kəs qəbul edir və yüksək dəyərləndirir. Əhliyə dəstək vermək, onların problemlərini ictimailəşdirmək üçün partiyamız əlindən gələni edir.
- Siz müxalifət liderlərinin bölgələrdə görüş keçirməsinin vacib olduğunu bildirirsiz. Amma partiya sədrləri bildirirlər ki, hakimiyyət bölgələrdə görüş keçirməyə imkan vermir, partiya sədrlərini dərhal həbs edirlər.
- Həbs məsələsi artıq bitib. Əgər müxalifət lideri düşünürsə ki, filan yerə getsəm, həbs olunacam, o, siyasətlə məşğul olmamalıdır. İnsanlara yalandan ümid verib, həyatlarını puç etməməlidir. "Biz Azərbaycanda demokratik cəmiyyət quracağıq" deyən insanlar həbsdən çəkinməməlidir. Bu gün həbsxanalarda onlarla siyasi məhbus var. Bəyəm onlar çəkindilərmi? Artıq hakimiyyətin həbslə qorxutması da effekt vermir. Ötən iliki aksiyalar zamanı gənclər həbsdən çəkinmədiklərini nümayiş etdirdilər. Mən özüm də siyasi məhbus həyatı yaşamışam. Məni yolumdan çəkindirə bildilərmi? Bu gün siyasi məhbus həyatı yaşayanları mübarizədən çəkindirə bilirlərmi? Xeyr. Artıq həbsdən qorxu sindromu qırılıb. Ona görə də müxalifət liderləri həbs olunacaqlar deyə xalqla görüşə getmirlərsə, yanılırlar. Hakimiyyət müxalifətin demokratiyaya keçidlə bağlı təkliflərini, siyasi məhbusları azad etməklə bağlı tələbini qulaqardına vurur. Xalqın təkliflərini qulaqardına vuran hakimiyyət yaşaya, iqtidarda qala bilməz. Biz bunu əməli şəkildə sübut etməliyik. Amma ilk növbədə özümüz müxalifət olaraq bir-birimizin təklifini qulaqardına vurmasaq, hakimiyyət də bizim təklifləri qulaqardına vura bilməz.
| Xəbər 635 dəfə oxunub