Social Icons

“KXCP-nin siyasi kursunda qəbulu mümkün olmayan məqamlar var” - MÜSAHİBƏ

Tarix: 26.09.2012 | Saat: 13:01:00 | E-mail | Çapa göndər

Fikrət Cəfərov: “Yaratdığımız fraksiyaya yaxın vaxtlarda yeni-yeni insanlar qoşulacaq”

Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) sədrinin əlaqələr üzrə müavini Fikrət Cəfərov “Gündəlik Teleqraf”a müsahibə verib. Müsahibəni təqdim edirik.

- Saytların birində dərc olunan yazınızda Ziyalılar Forumunun üzvü, professor Rafiq Əliyevin 2013-cü ilin prezident seçkilərində müxalifətin vahid namizədi olmasını təklif etmisiniz. Digər tərəfdən isə AXCP ilə birləşməyə çağırış edirsiniz. AXCP-nin sədri artıq seçkidə iştirak edəcəyini açıqlayıb. Bu baxımdan fikirləriniz ziddiyyət yaratmırmı?

- Birləşmə, birlik ideyası bəşər yaranandan bəri insanlar arasında hər zaman aktual olub. Birləşmə əslində barışıq təklifidir. Mən hələ görməmişəm ki, barışıq əleyhinə kimsə hansısa fikir söyləsin. Barışıq sülhə nail olmaqdır və bütün umu-küsüləri kənara qoymaq, narazıları bir araya gətirmək və vahid mövqedən çıxış etməkdir. Bunun ziddiyyət yaratdığına dair fikirləri anlaya bilmirəm. Təbii ki, hər bir kəsin öz mövqeyi var və öz mövqeyini ifadə etməkdə azaddır. O ki qaldı, Rafiq Əliyevin namizədliyinin irəli sürülməsinə, bu təklif zərurətdən irəli sürülən bir təklifdir. Çünki bütün demokratik qüvvələr seçki ərəfəsində və bütün fəaliyyətləri boyu vahid mövqedən çıxış etməyə çalışırlar. Amma son nəticədə buna nail ola bilmirlər. Təbii ki, koorporativ, obyektiv və subyektiv səbəblər buna imkan vermir. Ona görə də hesab edirəm ki, Rafiq Əliyev bütün siyasi qüvvələrin maraqlarını təmin edə və Azərbaycanın elm və ziyalı elitasının müxalifətlə birgə addımlamasına stimul verə bilən bir insandır. O çox dəyərli bir ziyalıdır, Azərbaycan elmini dünyada tanıdan bir alimdir. İddialı, ambisiyalı insan da deyil. Digər tərəfdən, o, yalnız keçid dövrü üçün birləşmiş müxalifətin namizədi olur, birləşdirici fiqur kimi öz ətrafında hər kəsi birləşdirir.

- Ziddiyyətin səbəblərini birinci sualı verərkən izah etdik axı...

- Seçkidə iştirak edəcəyini bəyan etmək hər bir kəsin konstitusion hüququdur. Bu həm də hər bir partiya sədrinin daxili işidir. Bu təklif də bütün demokratik qüvvələrin hörmətli professor Rafiq Əliyevi vahid namizəd kimi qəbul etməsindən keçir. Nəyə görə bütün qüvvələr onu qəbul etməsinlər? Niyə hamının maraqlarını təmin edə bilən bir insanın namizədliyini müdafiə etməsinlər?

- Artıq KXCP sədri Mirmahmud Mirəlioğlu da namizədliyini irəli sürəcəyini bəyan edib...

- Qeyd etdiyim kimi, bu da onun konstitusion hüququdur. O, istər aktiv, istərsə də passiv şəkildə seçkidə iştirak edə bilər. Buyursunlar namizəd olsunlar, biz onlara nə deyə bilərik ki?

- Mətbuatda yayılan xəbərə görə KXCP daxilində fraksiya yaratmısınız...

- Fraksiya yaratmışıq və o artıq fəaliyyətdədir. Onun məqsəd və məramı ümumi demokratik qüvvələrin xeyrinə olan bir fəaliyyətdir. Fraksiyanın məqsədi Azərbaycandakı narazı elektoratın vahid mərkəzdən idarə olunmasına və bir çətir altında fəaliyyət göstərməsinə xidmət etməkdir. Fraksiyanın məqsədi safdır, fəaliyyəti şəffafdır.

- Siyasi partiya daxilində fraksiya yaratmaq nə dərəcədə düzgündür?

- Bununla bağlı çoxsaylı beynəlxalq təcrübələr mövcuddur. Partiya daxilində fraksiya kimi fəaliyyət göstərmək normal haldır. Bu fraksiya havadan yaranmayıb. Mövcud daxili gərginliklərdən, daxili ziddiyyətlərdən və təbəddülatlardan yaranıb. KXCP-nin siyasi kursunda və digər məsələlərdə qəbulu mümkün olmayan məqamlar var idi. Ona görə də bu fraksiya yaranıb və onun fəaliyyət göstərməsini də normal qəbul etmək lazımdır. Fraksiyanın məqsədi partiyanın daha da inkişaf etdirilməsi və onun müxalifətin ümumi mərkəzinə çevrilməsinə, vahid mövqedən çıxış edilməsinə, demokratik qüvvələrlə birgə hərəkət etməyə nail olmaqdır.

- Amma fraksiya yaratmağınız KXCP-də çox böyük narazılıqla qarşılanıb...

- Əslində, hansısa ideyanın, təklifin hamı tərəfindən qəbul olunması qeyri-adi olardı. Ona görə də bizim fraksiya yaratmağımızı qəbul etməyənlərə, buna etiraz edənlərə normal yanaşıram. İnanıram ki, yaxın gələcəkdə hər bir şəxs fraksiyanın fəaliyyətini anladıqdan sonra onların mövqeyində dəyişiklik əmələ gələcək.

- Qarşıdakı dövrdə hansı addımları atmağı, nəyə nail olmağı planlaşdırırsınız?

- Əvvəlki suala cavabımda fraksiyanın nəyə nail olmağa çalışmasına aydınlıq gətirdim. Amma bir daha qeyd etmək istəyirəm ki, fraksiyanın məqsədləri safdır. Bizim fəaliyyətimiz bundan sonra da ictimaiyyətin və KİV-in gözü önündə olacaq.

- Hazırda kimlər fraksiyada birləşib?

- Fraksiyanın təsisçiləri KXCP sədrinin strateji məsələlər üzrə müavini Aydın Mədətoğlu, seçki məsələləri üzrə müavin Ədalət Yusubov, beynəlxalq məsələlər üzrə müavin Qaya Əliyev, gənclər üzrə müavin Rüfət Sahiboğlu, partiyanın idarə heyətinin üzvü Rafiq Abdullalı və bəndəniz tərəfindən təsis olunub və onlar hal-hazırda fraksiyada birləşiblər. Hazırda genişlənmə ilə bağlı müraciətlər var və yaxın vaxtlarda sıralarımıza yeni-yeni insanlar qoşulacaq.

- İndiyədək kimlərdən müraciətlər daxil olub?

- Artıq rayon şöbələrindən müraciətlər var. Partiyadan müəyyən dövrdə küsüb, təklənmiş insanlar var ki, onlardan müraciətlər almışıq. Məsələn, Aydın Şükürov həm milli-azadlıq hərəkatında, həm də KXCP-də kifayət qədər xidmətləri olmuş bir insandır. O da partiyada daxili siyasi kursa olan etiraz əlaməti olaraq rəhbərlik etdiyi dayaq dəstəsini buraxıb və fəaliyyətini dondurub. Artıq o da fraksiyada fəaliyyət göstərmək niyyətində olduğunu bəyan edib. Belə insanlar çoxdur və yaxın vaxtlarda bütün bu məlumatları sistemli şəkildə cəmiyyətə təqdim edəcəyik.

Səxavət Həmid


Xəbər 208 dəfə oxundu