Yaradılıb 15.10.2012 12:46
Klassik Xalq Cəbhəsi Partiyası sədrinin keçmiş müavini, təşkilat daxilində fəaliyyət göstərən “Demokratik Birlik” fraksiyasının həmtəsisçisi Fikrət Cəfərov partiyadan çıxarılıb.
KXCP-nin Nərimanov rayon təşkilatının ötən gün keçirilən iclasında F.Cəfərov partiya sıralarından xaric edilib. O, partiya nizamnaməsinin müvafiq maddələrinə əməl etmədiyinə, o cümlədən, siyasi riyakarlıq və partiyada pozuculuq fəaliyyəti ilə məşğul olduğuna görə partiyadakı fəaliyyətinə xitam verilib.
Bu qərarla razəlaşmayan F.Cəfərov “azvision.az”-a açıqlamasında KXP rəhbərliyinin özünü riyakarlıqda ittiham etdi. Cəfərov KXCP sıralarını tərk etmək niyyətində olmadığını dedi: “Biz qarşımıza qoyduğumuz məqsədləri hər kəsə bəyan etmişik və bu məqsədlərə nail olmaq üçün mübarizəmizi davam etdirəcəyik. Xırda hisslərə söykənmiş bu tip qərarlar bizi məqsədimizdən yayındıra bilməz. Belə cılız hisslərlə öz mövcudluqlarını qorumaq üçün bu cür qərarlardan istifadə olunmamalıdır. Əgər kimlərsə düşünürsə ki, bizləri oradan kənarlaşdırıb, partiyanın möhürünü başqalarının sərəncamına verə biləcəklər, onlar yanılırlar. 2010-cu ilin parlament seçkilərində televiziya çıxışlarına baxsaq, Mirmahmud Mirəlioğlunun orada hansı obrazda olduğunu görmək olar. Həmin debatda Musa Qasımlı belə demişdi: “Mirmahmud bəy, artıq sizin avantüranıza heç kim inanmır”. Biz də onu deyirik ki, Mirmahmud bəy, çəkilin bu yoldan və avantürist işlərlə məşğul olmayın”.
“Partiyanın rəhbər orqanları sizin sizin KXCP sıralarında qalmağınızla razılaşacaqmı” sualına cavabında Fikrət Cəfərov bunları dedi: “Mənim partiyadan çıxarılmağım haqqında qərarın heç bir əsası yoxdur və o, Mirmahmud Mirəlioğlunun təfəkkürünün məhsuludur. Onlar kimdir ki, məni təşkilata buraxıb-buraxmamaq haqqında qərar versinlər? Mən partiyanın siyasi kursunun əleyhinəyəm və tutduğum postdan da imtina etmişəm”.
F.Cəfərov “Demokratik Birlik” fraksiyasının qarşısına qoyduğu məqsədlərə nail olacağını bildirdi.