Social Icons

Vahid namizədi necə müəyyən etmək olar?-RƏY

Tarix: 22.11.2012 | Saat: 20:22:00 |

Prezident seçkiləri yaxınlaşdığından müxalifət vahid namizəd məsələsinin müzakirəsini intensivləşdirib. Sözsüz ki, əsas diqqət İctimai Palataya daxil olan AXCP və Müsavat Partiyasının mövqelərinə yönəlib. Gözlənilən mövqelər ortadadır. AXCP sədri Əli Kərimli 2013-cü il prezident seçkilərində namizədliyini irəli sürmək fikrində olduğunu və komandasında müsavatçıları da görmək istədiyini deyib. Analoji açıqlama ilə ondan əvvəl Müsavat Partiyasının başqanı İsa Qəmbər də çıxış edib. 

Ekspertlər AXCP və Müsavat Partiyası rəhbərlərinin prezident seçkilərində namizəd kimi iştirakla bağlı mövqelərini indidən açıqlamasını bu düşərgə üçün zərərli hesab edirlər. Qeyd olunur ki, seçkilərə 11 ay qalmın müxalifət liderlərinin açıq iddialarla çıxış etmələri o qədər də möhkəm tellər üzərində qurulmayan münasibətləri korlaya bilər. 

Ümumiyyətlə, müxalifət seçkilərə necə qatılacağı, vahid namizədi necə müəyyənləşdirəcəyi barədə aydın mövqe ortaya qoymayıb. Nəzəri olaraq müxtəlif variantlar irəli sürülür. Məsələn, vahid namizəd deyil, əsas namizədin müəyyənləşməsi, vahid namizədi müəyyən etmək üçün praymerizin keçirilməsi kimi təkliflər səslənir. 

Sonuncu variantı müdafiə edənlərdən biri KXCP-dəki “Demokratik Birlik” fraksiyasının həmtəsisçisi Fikrət Cəfərlidir. Teleqraf.com-a açıqlamasında Fikrət Cəfərli mövzu ilə bağlı bunları deyib: “Bu gün vahid namizəd məsələsi yenidən gündəmə gəlib.Vahid namizədlə seçkidə iştirak etmək təbii ki, demokratik qüvvələrin daha da yaxşı təşkilatlanmasına və qələbəyə gətirib çıxara bilən əsas amillərdən biri ola bilər. İndiki kimi pərakəndə halda seçkidə iştirak etmək isə əksinə, uğursuzluqdan başqa heç nə vəd etmir”.

Fikrət Cəfərli hesab edir ki, vahid namizədin müəyyənləşməsi üçün müxalifətin əsas qüvvələrinin praymeriz keçirməsi mütləq şərtlərdən biridir: “Belə olan halda ictimai fikirin diqtə etdiyi namizəd daha çox şans qazanacaq, nəinki ictimai fikirin diqtə etdiyi şəxsə pərçim olan şəxs. Onun üçün də özünü öndə görən lider bu texnologuyadan qaçmamalı və həqiqətən də nüfuzunun çox olduğunu sübut etməlidir".

İctimai Palatanın Koordinasiya Şurasının üzvü İbrahim İbrahimli də Fikrət Cəfərli ilə eyni mövqeni bölüşür.

O, Teleqraf.com-a açıqlamasında bildirdi ki, İctimai Palata daxilində vahid namizədlə bağlı hələ ki, heç bir müzakirə aparılmır: «Bu istiqamətdə müzakirələrə aparmamışıq».

Bununla belə İ.İbrahimli hesab edir ki, indidən müxalifət daxilində vahid namizəd məsələsinin müzakirə edilməsi müxalifətin maraqlarına uyğun deyil və kimlərsə bu məsələdən çirkin məqsədlər üçün istifadə edir.

Koordinasiya Şurasının üzvünün sözlərinə görə, vahid namizədin müəyyənləşməsi üçün müxtəlif metodlardan istifadə olur ki, bunlardan biri də bütün dünyada geniş yayılmış praymerizin keçirilməsidir. 


Xəbər 271 dəfə oxundu