Social Icons

QHT-lər Fikrət Cəfərovu qınadı


Müsabiqələrdə layihələri keçməyən və dövlət qeydiyyatına alınmayan bəzi QHT-lər Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına qarşı ittihamları davam etdirirlər. Qeydiyyatından İmtina Olunan QHT-lərin Əlaqələndirmə Şəbəkəsinin koordinatoru Fikrət Cəfərov mətbuata müsanibəsində Dövlət Dəstəyi Şurasını  qeydiyyat məsələsinin həllində onlara kömək etməməkdə, qurumu üzərinə düşən vəzifələri yerinə yetirə bilməməkdə, Şura rəhbərliyini özünə yaxın təşkilatlara maliyyə ayırmaqda ittiham edib. Onun fikrincə, Şura barədə mətbuatda müsbət fikir söyləyən QHT rəhbərləri tapşırıqla hərəkət edirlər.  
Belə ittihamları əsassılz sayan bir sıra QHT rəhbərləri Modern.az-a açıqlamalarında III sektor təmsilçilərini Dövlət Dəstəyi Şurasına qarşı iftiralara son qoymağa çağırıblar.
 
Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının rəhbəri Vüqar Qədirov belə ittihamlara son soymağa çağıranlardandı: “Bu cür ittihamlar o təşkilatlar tərəfindən irəli sürülür ki, onlar layihələrini yüksək səviyyədə hazırlayıb Şuraya təqdim edə bilmirlər. Qrant ala bilməyənlər müxtəlif böhtan xarakterli fəaliyyətə keçirlər. Şurası yaradılandan belə ittihamlar səsləndirilir. Azərbaycanda beynəlxalq humintar, donor təşkilatlar da var. Amma Şura onların hamısından şəffaf işləyir. “Layihələri satmaq” kimi ifadələr tam qərəzli ifadələrdi. Bizim milli donoru gözdən salmaq üçün hesablanmış ifadələrdi. Şura yeni yardılmış qurumdur. Ona dəstək vermək, onu olduğu kimi təqdim etmək əvəzinə, ona edilən qarayaxmaları mən qəbul etmirəm. Bütün məsələlər Şura üzvlərinin qərarından keçir. Mən də şura üzviyəm. Layihələrə ekspertlərin rəyi gələndən sonra biz baxıb fikir bildiririk. Ekspertlər heç bilmir ki, bu kimin layihəsidir. Şura üzvləri də ekspertlərin verdiyi qiymətə rəy verir. Yəni Şura üzvlərinin bir qərəzi olmur ki, bu cür təşkilatlar çıxıb böhtan xarakterli fikirlər bildirsinlər. 
İttihamlar səsləndirən təşkilatlara məsləhətim budur ki, belə qərəzli fəaliyyətdənsə, maariflənsinlər, öyrənsinlər, yeni tələblərə uyğun layihələr hazırlamağa üstünlük versinlər ki, qrant da ala bilsinlər. Bu cür qarayaxmalarla məşğul olsalar, başları pis işlərə qarışacaq”.
Azərbaycanlıların və Digər Türkdili Xalqların Əməkdaşlıq Mərkəzinin rəhbəri İlham İsmayılov deyib ki, sonradan öyrəndiklərinə görə, onların layihələri ekspert rəy alınması üçün Diasporla İş üzrə Dövlət Komitəsinə, Xarici İşlər Nazirliyinə göndərilib. “Şura layihəmizə qrant ayırıb. Verməsəydilər də heç bir incikliyimiz olmayacaqdı. Dövlət qurumları bizim layihəyə müsbət rəy verməsəydi, heç biz də layihə keçirə bilməyəcəkdik. Mən Dövlət Dəstəyi Şurasının fəaliyyətində heç bir qeyri-şəffaflıq görməmişəm. Əslində orada hər şey açıq şəkildə həyata keçirilir. Layihələrin qiymətləndirilməsi bir nəfərdən asılı deyil. Bu, Şura sədri Azay Quliyevdən asılı olsaydı, onda deyərdim ki, bəlkə də kiməsə üstünlük verir və yaxud vermir. Orada təmsil olunan ekspertlər var. 11 nəfərin hamısına “qeyri-şəfaf işləyir” deməyə heç birimizin haqqı yoxdur. Bunun üçün ciddi əsas da yoxdur. İnanmıram ki, Şura kiminsə xatirinə, nə üçünsə hansısa bir layihəyəyə üstünlük verə. Şəxsən biz layihəyə almışıq deyə, həmin qurumu tərifləmirik. Şuranın yaradılması dövlətin QHT-lərə verdiyi dəstəkdir”.  
Demokratik İslahatçı Gənclər İctimai Birliyinin rəhbəri Vüsalə Hüseynova: “Mən düşünürəm ki, istər QHT sahəsi olsun, istər digər sahələr, hər şey birinci növbədə insanın daxili vicdanına bağlıdır. Bu bir reallıqdır ki, Azərbaycanda çox gözəl iş görən, millət, xalq, dövlətin inkişafı üçün ortaya fəaliyyət qoyan QHT-lər var. Eyni zamanda adı olan, amma fəaliyyəti hiss edilməyən QHT-lər də var ki, onlar xarici donorlardan yüksək məbləğlərdə maliyyə alıblar. Amma onların layihələri harada, hansı formada həyata keçirilib, iştirakçıları kimlər olub, bu barədə heç bir informasiyaya rast gəlinmir. 
QHT-lərə Dövlət Dəstəyi Şurasının fəaliyyətinə gəlincə, mən qurumun fəaliyyətinin qeyri-şəffaf olması fikri ilə razılaşmıram. İnanmıran kiŞura üzvlərinin hamısı kiməsə tərəfkeşlik edir. Məsələn, elə özümdən deyim. Elə olub ki, Dövlət Dəstəyi Şurasında layihəmiz keçməyib. Görünür haradasa da məqsədi dəqiq göstərə bilməmişik ki, qalib hesab olunmamışıq. Bu normal bir haldı. 
QHT-lər Amerikanın Milli Demokratiya İnsitutuna çoxlu layihələr verirlər. Oradan layihənin biri keçir, o birisi keçmir. Avropa Birliyinə də layihələr verilir. 5-10 layihədən biri keçir. Bir nüansa fikir verək, QHT-lər çoxdur, Dövlət Dəstəyi Şurasına ayrılan maliyyəsə azdır. Bu gün Şuranın hər hansı bir problemi, texniki çatımazlığı olsa, biz əksinə ona kömək etməliyik. Çünki, bu qurum 3-4 ildir ki, işləyir. Yəni zamana ehtiyac var. İnanıram ki, 15 ildən sonra Şura daha çevik, dinamik bir qurum olacaq. Narazılıq tədricən yox olacaq”.
Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin sədri Çingiz Bayramov: “Görünür, Fikrət Cəfərov siyasi partiya təmsilçisi olaraq özünü reallaşdıra bilmədiyi üçün QHT yaratmaq və bu yolla xalqa xidmət etmək istəyir. Amma onun təşkilatı Ədliyyə Nazirliyində qeydiyyatdan keçə bilmir. Bəlkə də Fikrət müəllim sənədləri qanunun tələb etdiyi standartlara uyğun hazırlaya bilmir. Bunun günahını özünün intellektual tutumunda axtarmaq əvəzinə o, QHT-lərə Dövlət Dəstəyi Şurasını ittiham edir. Daha doğrusu, üç il ərzində Azərbaycan vətəndaş cəmiyyətinin gəlişməsi və möhkəmlənməsi üçün çox faydalı işlər görmüş Şuranı və onun sədrini sağdan-soldan tənqid atəşinə tutur. 
Doğrusu, bilmək olmur, məsələn, 10 il əvvəl, yəni Azay Quliyev Milli QHT Forumunun rəhbəri seçilərək, Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğuna başlayanda, ölkədə əsl QHT hərəkatına start verəndə və tez bir zamanda 500-dək QHT-nin birləşdiyi koalisiyanı formalaşdıranda Fikrət Cəfərov nə işlə məşğul idi. Fikrət Cəfərov indi Azay Quliyev və onun kimi fədakar insanların min bir əziyyət və zəhmətlə formalaşdırdığı sağlam QHT mühitinə xəstə qrantyeyən təxəyyülü ilə soxularaq, şantaj yolu ilə öz ambisiyalarını yeritməyə çalışır”. 
Ç.Bayramov deyir ki, F.Cəfərov hansısa qondarma koalisiya üzvü kimi, Ədliyyə Nazirliyinin qarşısında etiraz aksiyası keçirmək istəyirsə, getsin keçirsin. “Şura üç il ərzində ölkənin yüzlərlə QHT-sinə ilk dəfə maddi yardım verib, onların təşkilat olaraq formalaşmasına və möhkəmlənməsinə şərait yaradıb. Şura olmasaydı, bu QHT-lər heç 15 il bundan sonra da beynəlxalq təşkilatlardan dəstək ala bilməyəcəkdilər. Hansı beynəlxalq təşkilat bizim qaçqın-köçkün problemlərimizin həllinə yardım edib, hansı beynəlxalq təşkilat Qarabağ problemi ilə bağlı Azərbaycanın haqq səsinin dünyada eşidilməsinə maliyyə ayırıb, hansı beynəlxalq təşkilat bu gün, atəşkəs rejimində, səngərdə şəhid olan Azərbaycan əsgərinin insan hüquqlarının müdafiəsinə qalxıb? Şura bütün sosial, iqtisadi-siyasi istiqamətlərlə yanaşı, bu tipli layihələri maliyyələşdirməyi prioritet sayır və bu yöndə, Fikrət Cəfərovlardan fərqli olaraq, konkret fəaliyyət sərgiləyir. Və Fredom House kimi mənşəyi-məqsədi bəlli olan bir təşkilatın çaldığı havaya züy tutaraq, bütün bu fəaliyyəti guya QHT-lərin dövlətə tabe etdirilməsi kimi yozan soydaşımıza adamın yazığı gəlir”.